Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-10 12:36:00
Rektor gəncləri “Yüksəliş” müsabiqəsində iştirak etməyə səsləyib

“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi martın 31-dək davam edir.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov gəncləri “Yüksəliş” müsabiqəsində iştirak etməyə səsləyib. Müraciətdə deyilir: “44 günlük Vətən müharibəsində Azərbaycan Qarabağı erməni işğalından azad etməklə tarixi qələbəyə imza atdı. Bu qələbənin əldə edilməsində, heç şübhəsiz, gənclərin əvəzolunmaz rolunu qeyd etmək lazımdır. İndi qarşımızda duran əsas vəzifə Azərbaycanın bütün sahələrində yeni yüksəkliklərin fəth edilməsidir. Bu baxımdan potensiallı gənclərimizə ehtiyac var. Əminəm ki, Azərbaycanda yüksək idarəçilik bacarığı və intellektual səviyyəsi olan gənclər çoxdur. Məhz o gənclərin aşkar edilməsi üçün ölkəmizdə “Yüksəliş” müsabiqəsi keçirilir. Özünə güvənən, Azərbaycanın gələcəyinə biganə olmayan və ölkəmizin gələcəyini qurmağa töhfə verən gənclərimizi “Yüksəliş” müsabiqəsinə qoşulmağa dəvət edirəm. Mənim üçün xüsusilə sevindiricidir ki, bu müsabiqədə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları çox fəaldırlar və qaliblər arasında universitetimizin qalibləri çoxdur. Mən də öz növbəmdə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunlarını “Yüksəliş” müsabiqəsinə qoşulmağa, qalib gəlməyə, yüksəliş əldə etməyə səsləyirəm”.

 

Xatırladaq ki, fevralın 17-dən etibarən ikinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. 21–51 yaş arasında olan, ali təhsilli, azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər. Qeydiyyat müsabiqənin saytı (www.yukselish.az) vasitəsilə həyata keçirilir.

 

Müsabiqənin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

 

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.