Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-24 15:17:00
Xocalı soyqırımı - bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli  

Bakıdakı Yuri Kovalyov adına 229 nömrəli tam orta məktəb və A.Məhərrəmov adına 95 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı - əbədi sağalmaz yara” adlı onlayn tədbir keçirilib.

 

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, tədbir Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

229 nömrəli tam orta məktəbin direktoru Vüsalə Məmmədova və 95 nömrəli tam orta məktəbin direktoru Elçin Abdullayev yetişən gənc nəsillərə tarixi həqiqətlərin aşılanması, tariximizə, milli-mənəvi dəyərlərimizə diqqət və marağının artırılması, Vətənə layiqli şəxsiyyət kimi yetişməsində məktəbin, müəllimin üzərinə böyük vəzifə və məsuliyyət düşdüyünü söyləyiblər.

 

BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov azərbaycanlılara, bütünlükdə türk millətinə qarşı düşmən mövqeyindən çəkinməyən ermənilərin Xocalıda törətdiyi qətliamın yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli olduğunu bildirib. Qeyd edib ki, Xocalının dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutub, şəhəri barbarcasına yerlə-yeksan edən düşmənə layiqli cavabı 44 gün ərzində Prezident İlham Əliyevin qətiyyətli siyasəti və şanlı Azərbaycan Ordusu verdi, Xocalıda soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı.

 

Milli Məclisin deputatı Könül Nurullayeva bildirib ki, hər il fevralın 26-sı tarixinin Soyqırımı Günü kimi yad olunması, Prezident İlham Əliyevin imzaladığı “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” Sərəncama uyğun olaraq həyata keçirilən tədbirlər faciənin miqyasını, erməni qəsbkarlarının törətdiyi insanlığa sığmayan əməllərin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət daşıyır.

 

Xocalı şəhəri 1 nömrəli məktəbin direktoru Vidadi Rəhimov, Xocalı sakini Taryel Əliyev və digər çıxış edənlər azğınlaşmış erməni silahlı birləşmələrinin Xocalıda törətdikləri qətliamı doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqının mübarizə əzmini qırmaq, məhv etmək niyyəti güddüyünü, lakin düşmənin buna nail ola bilmədiyini diqqətə çatdırıblar. Qeyd ediblər ki, Azərbaycanın möhtəşəm qələbəsi ilə yekunlaşan Zəfər savaşı qırılmayan əzmin nümayişi idi.

 

Tədbirdə faciəni əks etdirən videoçarx nümayiş olunub, şagirdlər Xocalı soyqırımına həsr olunmuş ədəbi nümunələrlə çıxış ediblər.

Tədbirdə Milli Qəhrəman Əlif Hacıyevin bacısı Şükufə Zeynalova, Milli Qəhrəman Yuri Kovalyovun qızı Regina Kovalyova, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və şagirdlər iştirak ediblər.