Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-23 17:03:00
Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tədbir keçirilib  

Fevralın 23-də Xocalı şəhər 2 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib. 

 

AzEdu.az xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili, tarix elmləri doktoru Anar İsgəndərov, Böyük Britaniya əsilli yazıçı, araşdırmaçı jurnalist İan Pirt, Azərbaycanın Milli Qəhrəmanı Polad  Həşimovun həyat yoldaşı Ofeliya Həşimova, “Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, ölkəmizdə təhsil alan əcnəbi tələbələr və KİV nümayəndələri iştirak ediblər. 

 

Tədbirdən əvvəl sözügedən məktəbin həyətində 44 günlük Vətən müharibəsinin şərəfinə 44 ağac əkilib. 

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Xocalı faciəsinin vəhşətindən danışıb. Nazir müavini bildirib ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 14 məktəb dağıdılıb, 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb.

 

44 günlük  Vətən müharibəsində qazanılan zəfərə toxunan nazir müavini bildirib ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət göstərdi. 30 ildən sonra Xalqımız 30 ildən sonra işğal altında olan torpaqlarımızın azadlığına nail olaraq mübarizə əzminin qırılmadığını bir daha nümayiş etdirdi. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və müzəffər ordumuzun əzmi sayəsində 44 günlük Vətən Müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı.

 

Çıxışının sonunda Firudin Qurbanov gənclərə öz tövsiyələrini çatdırıb. 

 

Daha sonra çıxış edən millət vəkili, tarix elmləri doktoru Anar İsgəndərov Azərbaycan tarixinin bir sıra  faktlarını diqqətə çatdırıb. Anar İsgəndərov Xocalının təkcə göz yaşı deyil, eyni zamanda unudulmayacaq bir tarix olduğunu qeyd edib. Millət vəkili 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan Zəfərlə Xocalının qisasının alındığını ifadə edib. 

 

Tədbirdə iştirak edən Böyük Britaniya əsilli yazıçı, araşdırmaçı jurnalist İan Pirt tərtibçisi olduğu “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” adlı kitabından danışıb. İan Pirt bildirib ki, kitabda Xocalı hadisələrinin şahidləri ilə müsahibələr, faciə ilə bağlı beynəlxalq dövri mətbuatın materialları, xarici tədqiqatçıların şərhləri, beynəlxalq təşkilatların hesabatları və əcnəbi fotoqrafların çəkdiyi nadir fotolar yer alıb.

 

Tədbirdə iştirak edən, Xocalı sakini, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi Nərmin İbrahimova da çıxış edərək xatirələrini bölüşüb. 

 

Tədbirin sonunda Xocalı qırğınından söz açan “Sonsuz dəhliz” filmi nümayiş etdirilib.