Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-22 15:57:00
Bu il Məntiq fənninin sualları necə idi? Hazırlaşarkən nələrə diqqət etmək lazımdır?- Təlimçidən vacib METODLAR

 

Magistratua səviyyəsi üzrə namizədlərin maraqla hazırlaşdığı, nisbətən də çətinlik çəkdiyi əsas fənlərdən biri də məntiqdir.

 

Xüsusilə keçən il məntiq fənni üzrə qəbul imtahanında istifadə edilən suallar namizədlərlə yanaşı, bu fənnin tədrisi ilə məşğul olan müəllimlər ekspertlər arasında da etiraza səbəb olmuşdu.

 

2022-ci il üzrə magistratura səviyyəsinə qəbul imtahanlarına I cəhd imtahanının nəticəsi açıqlandı. Maraqlıdır, bəs bu il məntiq fənni üzrə salınan suallar necə idi? Bu istiqamətdə hər hansı narazılıqlar varmı?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan “Magistr OL” hazırlıq krusunun məntiq müəllimi, təlimçi Rəşadət Şərifov bu il sualların və imtahanların keçirilmə metodikasını dəyərləndirib.

 

-Keçən il Məntiq fənninin sualları ilə bağlı bir sıra narazılıqlar vardı. Bu il vəziyyət necədir? Sualların səviyyəsi və imtahanın metodikası tələbələr üçün nə dərəcədə rahat idi?

 

-Bu il magistratura səviyyəsinə qəbul imtahanında istifadə olunan suallar tam qəbul proqramı çərçivəsində idi, demək olar ki, heç bir problemli sual yox idi. Normal şəkildə hazırlaşan tələbələr rahatlıqla cavablandıra biliblər, ancaq təbii olaraq nisbətən aşağı səviyyədə hazırlaşanlarla bağlı müəyyən problemlər oldu. Normal hazırlaşan tələbə əsas 35 sualı rahat şəkildə cavablaya bilir, ancaq yerdə qalan 15 suala daha yüksək hazırlıq tələb olunur.Bu il məntiq keçən ilə nisbətən daha asan idi. Əslində keçən il də o qədər çətin deyildi, ancaq bu il, fikrimcə, daha rahat idi. Eyni zamanda keçən il informatika ilə bağlı çox sayda şikayətlər var idi, ancaq bu il onunla bağlı da hər şey qaydasındadır. Ümumilikdə builki imtahanda istifadə edilən suallar normal və tələbələrin rahat cavablayacağı şəkildə idi. Elə builki imtahan modelinin gələcəkdə də tətbiqi arzuolunandır.

 

-“Magistr OL”un tələbələrinin nəticələri necədir? Tələbələrin hazırlığında əsas vacib məqam nədir, daha çox hansı metoda üstünlük verirsiz?

 

-Builki nəticələr yaxşıdır, tələbələrimiz arasında xeyli sayda 90-nı keçənlər var. Ayrı-ayrılıqda fənlər üzrə göstəriciləri 49 məntiq, 25 xarici dil, 25 informatika olan müxtəlif tələbələr var. Onların yaxşı nəticə göstərməsinin əsas səbəbi odur ki, tədris proqramı bir dəfə tam keçirilib bitdikdən sonra bütün testlər təkrar-təkrar işlədilir. Bütün mövzular üzrə olmasa da ayrı-ayrı mövzular üzrə olan testlər tələbələrə təkrar işlədilir. Xüsusilə informatika və məntiqdə təkrar çox önəmlidir. Məntiqi bir dəfə işləyib öyrənmək mümkün deyil, bir sualı 10 dəfə işləmək tələbə üçün daha faydalıdır.

 

-Namizədlərin daha çox hansı hissələrdə çətinlik çəkirlər, nə kimi səhvlərə yol verirlər? Bunun əsas səbəbləri nələrdir?

 

-Əsasən burada öyrənmə keyfiyyəti tələbəyə görə dəyişir, bəzilə humanitar, bəziləri riyazi yönümlü olur. Riyazi yönümlülər üçün əzbər lazım olan humanitar hissələri öyrənməkdə, humanitar yönümlü olanlar isə daha çox riyazi hissədə çətinlik çəkirlər. Doğrudur, bunu ümumilikdə hamıya şamil etmək olmaz, amma humanitar yönümlü bir çox tələbələrdə riyazi baza bir az zəif olduğu üçün riyazi məsələlər, ehtimal tipli suallarda daha çox çətinlik çəkirlər.

 

-Sizcə II cəhd imtahanlarında birincidən fərqli olaraq nəticə necə olacaq? Namizədlərin ikinci imtahanda bal artırma ehtimalı nə qədərdir?

 

-İkinci cəhd imtahanları birincidə olduğu kimi keçirilsə tələbələr daha yaxşı nəticələr əldə edəcəklər. Bildiyimiz kimi, tələbələr yanvar ayı ərzində semestr imtahanları verirlər, nəzərə alsaq ki, hazırlaşanların çoxu son kurs tələbələridir, onların bu imtahanlara müəyyən qədər vaxtları gedir, magistraturaya hazırlaşmağa çox da zamanları olmur. İkinci turda bu kimi məsələlər onları məşğul etmir, ona görə də hazırlaşmaq üçün daha yaxşı şərait və vaxt olacaq deyə düşünürəm. Tələbələr proqramı bilirlər, sadəcə bir az təkrar etmək lazım olacaq. Lazımı təkrarlar daha yüksək nəticələr göstərə bilərlər. Öz nəticələri 20-25 bal, hətta daha ciddi hazırlaşarlarsa, bundan daha çox artıra bilərlər.

 

-Son olaraq imtahana hazırlaşan namizədlərə daha yaxşı nəticə göstərmək üçün nə kimi tövsiyələriniz olardı? Hazırlıq müddətində hansı vacib metodlardan yararlansınlar və nələrə diqqət etsinlər?

 

-Namizədlər hazırlaşarkən mövzuları bir dəfə öyrənib, bilirəm deyə düşünməsinlər. İki, üç mövzu öyrəniblərsə həmin mövzular üzrə testlər işləməyə başlasınlar.Təkrar testlərin məntiq üçün əhəmiyyəti və öyrənmədə köməyi böyükdür. Həmçinin, həftə ərzində bir dəfə olmaqla sınaqlarda mütləq iştirak etsinlər. “Bu güclü sınaqdır, bu zəif, hələ mən çox şey öyrənməmişəm” kimi fikirlərə qapılmasınlar. Adətən bəzi tələbələr olur ki,  bütün hər şeyi öyrənim, daha sonra sınaqlarda iştirak edim. Bu çox səhv düşüncədir. Sınaqda hər həftə iştirak etsinlər, sualları cavablaya bilməsələr belə, ən azından tanış olsunlar, görsünlər. Çünki məntiqdə mövzunu konkret olaraq bilmədən də, məntiqi təfəkkürlə mövzuya fikir yürütmək olur. Ona görə də sınaqlarda iştirak etmək üçün hər şeyin tam bitməsini gözləməsinlər.