Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-17 15:20:00
MİQ müsabiqəsində edilən bu dəyişikliklər yanlışdır - "Bu qərar isə gülüncdür" -İRAD


“Müəllimlərin işə qəbulu ölkə əhəmiyyətli bir hadisədir və prosesin bir imtahanla aparılması doğru deyil”.

 

Fevralın 16-da Təhsil Nazirliyi tərəfindən keçirilən onlayn brifinqdə müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklər açıqlanıb.

 

MİQ imtahanlarının vaxtı, yeni qaydalar, yerdəyişməni əhatə edən yeniliklər isə müəllimlər və namizədlər tərəfindən birmənalı qarşılanmayıb.

 

AzEdu.az-a açıqlamasında tətbiq olunacaq yenilikləri dəyərləndirən təhsil üzrə mütəxəssis Elşən Qafarov ixtisasla bağlı suallardakı bal artımının doğru olmadığını bildirib:


“Əvvəla bu müsabiqənin mahiyyəti adından da göründüyü kimi müəllimlərin işə qəbulunun həyata keçirilməsidir. Məqsəd də odur ki, ölkənin ümumitəhsil müəssisələrində ehtiyac duyulan müəllimlər işlə təmin edilsin. Bir müəllimin müəllimliyi onun pedaqoqluğundan irəli gəlir, metodikanı bilməsi zəruridir. Məsələn, riyaziyyatçı olmaq, Riyaziyyat fənni üzrə müəllim olmaq demək deyil. Müəllimlərin işə qəbulu ölkə əhəmiyyətli bir hadisədir və prosesin bir imtahanla aparılması doğru deyil, burada çox ciddi problemlər var. Edilmiş dəyişikliklərdə isə biz gözləyirdik ki, metodikayla fənn sualları say etibarilə bərabərləşdirilsin. Ancaq nazirlik bu dəyişikliklərlə bir daha göstərdi ki, onlara pedaqoq lazım deyil, əsas odur namizəd fənni daha yaxşı bilsin. Bunu doğru hesab etmirəm, əslində metodikanın balları qaldırılmalı idi.


Beləliklə, bu müsabiqədə iştirak edəcək şəxslər bilməli idilər ki, onlar müəllim olaraq işləyəcəklər, müsabiqəyə bunun üçün gəlirlər. Onlar pedaqogikanı, psixologiyanı, ümumilikdə metodikanı daha mükəmməl bilməlidirlər. Amma çox təəssüflər olsun ki, gözlədiyim tam əksi ilə qarşılaşdıq”.

 

Ekspert qərarlarda müsbət dəyişiklərin də olduğunu qeyd edərkən, səhv cavabların bir doğrunu aparması məsələsinə toxunub:

 

“Digər tərəfdən qərarlarda olan müsbət dəyişiklərdən biri də şəhid ailələrinə müəyyyən üstünlüyün verilməsidir, bu da tam doğru addımdır. Çox istəyərdik ki, qazi ailələrinə də bu üstünlük verilsin. Ancaq ümumi olaraq bu bal məsələsi tam absurddur. Digər bir tərəfdən isə çox gülünc bir qayda tətbiq olundu ki, 4 səhv sual 1 doğru cavabı aparacaq. DİM illərdir bu üsulu abituriyentlər üçün tətbiq edir. Ancaq hansı məntiqlə 4 sual 1 düzgün cavabı aparır bunu hələ məntiqli izah edən yoxdur. Niyə 2, 5, 6 sual yox 4 sual? İndi eyni üsulu müəllimlərə də tətbiq etmək heç doğru deyil. Bu səhv sual, düz sual haqqın tapdalanması deyil? Nə dərəcədə doğrudur?”

 

“Biz müsbət dəyişikliklər gözləyirdik, əksi oldu”

 

“Ümumilikdə verilən qərarları biz gözləyirdik, sertifikasiyada da müəyyən dəyişikliklər olacaq. Ancaq biz gözləyirdik ki, edilən dəyişikliklər müsbət istiqamətdə olacaq,əksi oldu. Görünən odur ki, müəllimlərlə işlədiklərini, pedaqoq seçdiklərinin nəzərə almırlar”.

 

Ekspert yerdəyişmə ilə bağlı mövzuya da diqqət çəkərək, hərbiçi ailələrilə bağlı güzəştlərin olmasını da təklif edib:

 

“Yerdəyişmə ilə bağlı qərarlarda müəyyən həqiqətlər var. Xüsusilə ibtidai sinif müəllimlərilə bağlı problemlər mövcuddur. İmtahandan sonra təyin olunduqları müəssisədə bir il çalışıb daha sonra yerdəyişmə edirlər. Nəticədə ibtidai sinifdə təhsil alan uşaqlar çox ciddi psixoloji travma alırlar. Eyni zamanda müsabiqədə hərbiçi ailələri üçün müəyyən güzəştlər tətbiq oluna bilər. Ölkədə 152 min müəllim, 4432 ümumi təhsil müəssisəsi var, hamısı üçün eyni qaydaları tətbiq etmək mümkün olmayacaq. Məsələn, hərbiçi, prokror ailəsi, dövlətin birbaşa sərəncamında olan insanlar var hansı ki, təyinatla ünvan dəyişir, onları ailəsinə problem olur”.

 

Son olaraq o, -“Ümumilikdə müəllimlərin işə qəbulu qaydaları bu qədər qəlizləşdirilməməli idi”-deyə qeyd edib.