Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Müəllimlər üçün partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə üzrə təlim proqramı” layihəsi çərçivəsində təlimlər davam edir.

 

 

İnstitutdan AzEdu.az--a bildirilib ki, şagirdlərə mina və partlamamış hərbi sursat haqqında lazımi biliklər vermək və onları davranış qaydaları ilə yaxından tanış etmək məqsədilə ümumi təhsil müəssisələrinin müəllimləri üçün distant təlimlər təşkil olunub. Təlimlərə Ağdam, Ağcabədi, Daşkəsən, Goranboy, Göygöl, Tərtər, Bərdə və Xocavənd rayonları üzrə ümumilikdə 743 nəfərdən ibarət müəllim heyəti cəlb edilib. Təlimlərdə müəllimlərin minalar, onların növləri, minalanmış sahələr, risklər və onlardan qorunma yolları barədə bilikləri artırılır.

 

On iki akademik saatlıq təlimlər zamanı müəllimlər müvafiq mövzular üzrə nəzəri biliklər ilə yanaşı, həmçinin şagirdlərin mina təhlükəsinə dair daha yaxşı maarifləndirilməsi üçün praktik bacarıqlar əldə edirlər.

 

Qeyd edək ki, təlimlər Ağdam, Tərtər, Füzuli, Goranboy, Xocavənd, Ağcabədi, Beyləqan, Göygöl, Daşkəsən, Bərdə rayonlarının, eləcə də digər rayonlarda fəaliyyət göstərən məcburi köçkün ümumtəhsil müəssisələrinin müəllimlərini əhatə etməklə cari ilin fevral ayının sonunadək davam edəcək