Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-11 12:41:00
"Daha universitetlərdə pulların silinmə halları müşahidə olunmayacaq" – Nazirliyə keçən imtiyaz  

 

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişikliyə əsasən, Təhsil naziri nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin göstərdiyi ödənişli təhsil xidmətlərindən əldə olunan gəlirlərin sərəncamçısı olacaq.

 

Bəs ümumilikdə bu dəyişiklik ödənişli təhsil prosesinə öz təsirini necə göstərəcək?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elşən Qafarov ödənişli təhsilin tamamilə aradan qaldırılmasının əsas hədəflərdən biri olduğunu qeyd edib:

 

“Ümumilikdə ölkə prezidentinin Fərmanını yüksək qiymətləndirirəm. Çünki, uzun illərdir ki, dövlət təhsilin ödənişli olmaması üçün böyük addımlar atır. Zaman-zaman  biz sosial baxımdan həssas qrupa aid ailələrdən olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənməsinin də şahidi oluruq. Bildiyimiz kimi, hazırda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, o cümlədən, məcburi köçkünlərin, şəhidlərin övladlarının, vətən uğrunda döyüşlərdə iştirak edən I və II qrup əlilliyi olan şəxslərin övladlarının təhsil haqqı da dövlət tərəfindən ödənilir. “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda da 9 il bundan öncə nəzərdə tutulmuş hədəf və tədbirlərdən biri də ödənişli təhsilin tamamilə aradan qaldırılması idi”.

 

Ekspert ödənişli təhsildən daha çox dövlət tərəfindən maliyyələşən  universitetlərin istifadə etdiyini qeyd edərək, artıq bunun qarşısının alınacağını vurğulayıb:

 

“Baxmayaraq ki, “Təhsil haqqında” Qanunun 14-cü maddəsində də konkret olaraq dövlət təhsil müəssisələrinin mənfəət güdməməsilə bağlı məsələ qeyd olunub. Ödənişli təhsillə məşğul olmağa icazə verilsə də, bu təhsilalanların əsas hissəsini təşkil etməməlidir. Hazırda ölkədə hər 100 nəfər tələbədən 60-ı ödənişli təhsil alır. Onların təhsil aldığı  ali təhsil müəssisələrinin əsas hissəsi isə dövlət tərəfindən maliyyələşənlərdir. Universitetlər əsasən, elm və innovasiya mərkəzi olmaqdan, elmi araşdırmalar aparmaqdansa, büdcədənkənar əsas gəlirlərini ödənişli təhsil vasitəsilə formalaşdırırdılar. Prezidentdin Fərmanı ilə artıq bunun qarşısı alınacaq, ödənişli təhsildən gələn gəlirlərin sərəncamçısı artıq universitetlər özləri yox, Təhsil Nazirliyi olacaq. Yəqindir ki, bu gəlirlərin bir hissəsi də Təhsilin İnkişafı Fonduna köçəcək”.

 

O, Fərmanın gözlənilən olduğunu qeyd edərək, universitetlərin daha ödənişli təhsilə marağının yüksək olmayacağını bildirib:

 

“Nəticədə universitetlər artıq ödənişli təhsildən gələn gəlirlərin ardınca deyil, elmi araşdırmalar, innovasiyaların arxası ilə gedəcəklər. Bu Fərmanın əhəmiyyəti çox böyükdür və çoxdandır ki, gözlənilirdi. Düşünürəm ki, universitetlər artıq ödənişli təhsildə çox da maraqlı olmayacaqlar, çünki gəlirlərin sərəncamçısı onlar deyillər. Əvvəllər böyük miqdarda vəsaitlər toplanırdı və belə desək, universitet daxilində bunlar müxtəlif istiqamətlərdə silinirdi, ancaq daha bu hallar müşahidə olunmayacaq”.