Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-09 09:36:00
BANM-ın rektoru Erasmus+ proqramı üçün seçilən tələbələrlə görüşüb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Erasmus+ tələbə mübadilə proqramı çərçivəsində Avropanın nüfuzlu ali məktəblərində təhsil alacaq tələbələr və onların valideynləri ilə görüşüb. Tələbələri və onların valideynlərini təbrik edən rektor bildirib ki, rəhbərlik etdiyi Ali Məktəbdə tələbələrin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait yaradılıb. Rektor qeyd edib ki, burada gənclərin gələcəkdə karyera qurmaq imkanları da hər zaman diqqət mərkəzində saxlanılır:

 

AzEdu.az xəbər verir ki, “Bir çox gəncin və tələbənin arzusu xaricdə təhsil almaq, müxtəlif proqramlara qatılmaq və xarici ölkələrdə olmaq, yaşamaqdır. Bu arzuların reallaşması üçün ən effektiv yol tələbə mübadilə proqramlarına qoşulmaqdır. Tələbə mübadilə proqramlarının ən məşhuru və tələbələrin ən çox faydalandığı proqram isə Erasmusdur. Bakı Ali Neft Məktəbi yüksək səviyyəli ali təhsilli, bilikli, eyni zamanda bir çox sosial bacarıqlara malik gənclər yetişdirir. Erasmus proqramı üçün də məhz bu cür tələbələrə üstünlük verilir. Erasmus proqramına seçim zamanı təkcə akademik göstəricilər deyil, sosial bacarıqlar da nəzərə alınır. Ali Məktəbimizin tələbələri hərtərəfli inkişaf etdiklərinə görə bu proqrama seçim bizim üçün heç də asan olmur. Biz yaxşıların içərisindən ən yaxşılarını seçirik ”.

 

Tələbələrin Avropada Azərbaycanın və Bakı Ali Neft Məktəbinin nümayəndəsi olduğunu bildirən rektor onlara ölkəmizi və Ali Məktəbi layiqincə təmsil etməyi tövsiyə edib.

 

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ proqramı bakalavr və təhsilinin növbəti pillələrini davam etdirmək istəyən tələbələr, xaricdə yaşamaq arzusunda olan şəxslər və karyeralarında yüksəlmək üçün müxtəlif təcrübə proqramlarda iştirak etmək istəyən gəncləri özündə birləşdirən layihədir.

 

Bakı Ali Neft Məktəbinin Avropanın bir sıra universitetləri ilə Erasmus+ tələbə mübadilə proqramı üzrə əməkdaşlığı müvəffəqiyyətlə davam edir. Əməkdaşlıq çərçivəsində 2021/2022-ci tədris ilinin yaz semestrində BANM-in 7 tələbəsi İspanya, Portuqaliya və Yunanıstanın bir sıra ali məktəblərində bir semestr müddətində təhsil alacaq. Tələbələrin səyahət, yerləşmə və gündəlik xərcləri Erasmus+ proqramı tərəfindən qarşılanır.

 

Qeyd edək ki, BANM-in Erasmus+ proqramı çərçivəsində BANM-in tələbələri İnci Mirzəzadə İspaniyanın Valladolid Universitetində, Afaq Həşimova Portuqaliyanın Bragança Politexnik İnstitutunda, Nuridə Şirinzadə və Qəhrəman Kazımlı İspaniyanın Alkala Universitetində, Turan Eminli, İlqar Məmmədov və Şəmistan Lətifov Yunanıstanın Qərbi Attika Universitetində bir semestr müddətində təhsil alacaqlar.

 

Tələbələrdən çıxış edən Afaq Həşimova və Turan Eminli və valideynlər onlara yaradılan şərait üçün Ali Məktəb, rektor və professor-müəllim heyətinə təşəkkürlərini bildiriblər.