Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-11 14:13:00
Gələn il  V ixtisas qrupu üzrə imtahanlar necə təşkil olunacaq? – RƏSMİ  

Xəbər verdiyimiz kimi gələn ildən ali məktəblərə qəbul imtahanı kurikulum sistemi əsasında keçiriləcək. 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək. Bununla da ümumi nəticənin əldə olunması nəzərdə tutulub.

I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlər üzrə qəbul imtahanı ilə yanaşı, buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

V ixtisas qrupunda vəziyyətin necə olacağı isə abituriyentlər arasında sual doğuran məsələlərdəndir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, 2019-cu ildə V qrupa qəbul qaydalarında heç bir dəyişiklik olmayacaq. V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin ixtisaslarına qəbul yenə də buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq. Əvvəlki illərin məzunları isə V ixtisas qrupu üzrə Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verəcəklər. V qrupu seçən abituriyentlərin hamısı, əvvəlki illərdə olduğu kimi, qabiliyyət imtahanı da verəcəklər.

Xatırladaq ki, 2019-cu ildəki buraxılış imtahanlarında olan fənlər indiki buraxılış imtahanlarında olan fənlər olacaq - Ana dili, riyaziyyat və xarici dil.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları