Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-04 14:51:00
Ramiz Mehdiyevin istefasını tələb EDƏNLƏR-Narahatlığın səbəbləri

Son günlər Azərbaycan Milli Elmlər Akademiyasında söz-söhbətlər səngimək bilmir.

 

Belə ki, bir sıra institut direktorları AMEA prezidenti Ramiz Mehdiyevin istefa verməsi tələbi ilə çıxış edirlər. Onlar ölkəmizdə elm sahəsində yaranan boşluqların səbəbi kimi AMEA rəhbərini göstərirlər.

 

Məsələnin gündəmə gətirən əsas şəxs Tarix İnstitutunun direktoru Kərim Şükürov oldu. O, Ramiz Mehdiyevin onu qəbul etmədiyini və institutun fəaliyyəti ilə maraqlanmadığını vurğulayıb. Ərizəsini Reyasət Heyətinə təqdim edən Kərim Şükürovun işdən çıxma tələbi AMEA tərəfindən qəbul edilməyib.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru, professor Əbülhəsən Abbasov da AMEA prezidenti Ramiz Mehdiyevi istefa verməyə çağırıb.

 

Professor qeyd edib ki, AMEA-da idarəetmə başdan ayağa yenilənməli, müasir tələblərə cavab verməlidir:

 

“Ramiz Mehdiyev 2019-cu ilin oktyabrında AMEA prezidenti oldu. Həmin vaxt dövlət başçısı tərəfindən Azərbaycanda islahatların yeni mərhələsi elan olunmuşdu. Hər yerdə fəlsəfə üzrə baş akademik kimi təqdim olunan Ramiz Mehdiyev nə etməli idi? İlk növbədə, AMEA-nın, ayrı-ayrı bölmələrin, institutların rəhbərləri qarşısında Azərbaycanda islahatların elmi-nəzəri təminatı və ideoloji platformasının hazırlanması problemini qoymalı idi. Savadlı, islahatlar haqqında az-çox məlumatı, təcrübəsi olan, ilk növbədə, bunu etməli idi. Əfsuslar olsun ki, bu adam özü fəlsəfə üzrə akademik ola-ola, Fəlsəfə və Sosiologiya İnstitutunun kollektivini toplayaraq görüş keçirməyib. Bu sahənin alimlərindən soruşmayıb ki, islahatlara baxışınız necədir, bunun ümumi prinsipləri, ideyaları nəyə söykənməli, islahatların fəlsəfi nüvəsini nə təşkil etməlidir? Azərbaycanda cəmiyyətin ayrı-ayrı fəaliyyət sahələrində islahatların, ilk növbədə, elmi-nəzəri müstəvidə strukturu, açılışı, mərhələləri necə olmalıdır? İqtisadi, siyasi, hüquqi, sosial, mədəniyyət və digər sahələrdə islahatlar hansı formada, hansı məzmunda, hansı qarşılıqlı koordinasiyada həyata keçirilməlidir, bunun elmi təminatı nədən ibarətdir? Hansı mexanizmlər işə gətirilməli, hansı təcrübə önə çəkilməlidir? Bunların hamısı açıq qaldı. Əksinə, Ramiz Mehdiyev ən arxaik, cəmiyyəti geriyə aparan və vərdiş etdiyi üsullara üstünlük verdi”.

 

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin  direktoru, akademik Rafael Hüseynov da Ramiz Mehdiyevin getməsini istəyənlər siyahısındadır:

 

“Akademik Ramiz Mehdiyev yol keçmiş, təcrübəli insandır və dövlətçi düşüncəyə malik şəxs kimi, əlbəttə, gərək hər kəsdən yaxşı hiss edə ki, Azərbaycan baş elm məbədinin bu kökə salınması yalnız elmimizə deyil, bütövlükdə düşüncə həyatımıza, ümumi xəttimizə də ziyan vurur.


Artıq bu ahəngdə narahat səslər də eşidilir və həmin çağırışların hərəkətə çevriləcəyi ağır saatacan süründürmədən, Akademiya Rəyasət Heyətinin yığışaraq növbədənkənar iclasında “Get!” qərarı verməsinəcən məsələni çürütməyərək iradə göstərmək, heç də xoş olmayacaq həmin sonluğu qabaqlamaq məsləhətdir.


Ramiz müəllim, getmək lazımdır!".

 

Qeyd edək ki, sabiq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 2019-cu ildə AMEA-ya rəhbər  təyin olunub.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları