Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-22 12:00:00
DİM və ali təhsil müəssisələri arasında görüş keçirilib

Dekabrın 22-də Azərbaycan Respublikasının bir sıra ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə Dövlət İmtahan Mərkəzi (DİM) və ali təhsil müəssisələri arasında əməkdaşlığa həsr olunmuş görüş keçirilib.

 

AzEDu.az  xəbər verir ki, qonaqlar görüşdən əvvəl ölkəmizdə milli qiymətləndirmə üzrə tarixi əks etdirən muzeylə tanış olublar. Onlara milli qiymətləndirmə sisteminin yaradılması və inkişaf tarixi barədə məlumat verilib. Həmçinin DİM-də hazırlanıb quraşdırılmış və qəbul imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən Azərbaycan Respublikasının elektron xəritəsi nümayiş etdirilib.

 

Daha sonra iştirakçılarla görüş keçirilib.

 

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Görüşdə çıxış edən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ölkəmizdə təhsildə qiymətləndirmə sisteminin daha da inkişafına nail olmaq üçün çoxtərəfli müzakirələrin böyük əhəmiyyət kəsb etdiyini və təhsilalanlar üçün keyfiyyətli təhsil mühitinin yaradılmasında ali təhsil müəssisələrinin aparıcı rolunu qeyd edib.

 

M.Abbaszadə deyib: “Uzun illərdir ki, Azərbaycanda keçirilən qəbul imtahanlarının nəticələri təhlil edilir və iştirakçıların göstəriciləri daimi olaraq izlənilir. Hazırda DİM-də imtahan nəticələri, onların statistik təhlili ilə bağlı böyük həcmli məlumat bazası formalaşıb və ali təhsil müəssisələri öz qəbul strategiyalarını müəyyən edərkən bu məlumatlardan istifadə edə bilərlər”.

 

Tədbirdə tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları, qiymətləndirmə sahəsində yeni mexanizm və alətlərin yaradılması kimi məsələlər də müzakirə edilib. Həmçinin DİM tərəfindən ali təhsil müəssisələri ilə əməkdaşlıq sahələri üzrə hazırlanan təkliflər rektorlara təqdim edilib.