Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-10 11:39:00
STEAM Azərbaycan Festivalının bağlanış mərasimi keçirilib  

Dekabrın 10-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində “STEAM Azərbaycan Festivalı 2021”in bağlanış mərasimi keçirilib.

 

AzEdu.az  xəbər verir ki, festivala regionlardan 91 komandadan 374 iştirakçı, paytaxt üzrə 198 komandadan 518 iştirakçı olmaqla, ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb. Ölkənin 6-11-ci sinif şagirdləri üçün ilk dəfə təşkil edilən festivalın keçirilməsində məqsəd müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsidir.
 Festival çərçivəsində 10 kateqoriya üzrə - “STEAM open (makerthon)”, “Hackathon”, “Mıcro:Bıt”, “Lego sumo”, “Lıne follower”, “3D Cad”, “Short movıe”, “Edu drone”, “Humanoıd robot” yarışlar təşkil edilib.

 

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev şagirdlərin İKT bilik və bacarıqlarının aşkar və inkişaf etdirilməsində festivalin əhəmiyyətlini vurğulayıb. Gələcəkdə festivalin coğrafiyasının genişləndiriləcəyini, digər ölkələrdən də məktəblilərin cəlb olunacağını bildirib. Qalib komandaları tərik edən təhsil naziri bütün iştirakçılara uğurlar arzulayıb.

 

Qeyd edək ki, 2019-cu ildən Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan STEAM (Science, Technology, Engineering, Art və Math) layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq və s. kimi XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir. Eyni zamanda, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə etmək qabiliyyətlərini yüksəltməkdir.