Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-06 11:17:34
“Allergik reaksiya, soyuqdəyməyə meyil”- Məktəbli formaları daha hansı xəstəliklərə yol açır?

“Düzgün seçilməyən, gigiyenik tələblərə cavab verməyən materialdan tikilən geyimlər uşaqlarda müxtəlif dəri xəstəlikləri, soyuqdəymə xəstəliklərinə meyillilik yaradacaq”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı pediatr Vaqif Qarayev deyib. Onun sözlərinə görə, geyim uşaqları ətraf mühitin zərərli təsirindən, dərinin mexaniki zədələnməsindən qoruyur:

“Düzgün seçilməyən, gigiyenik tələblərə cavab verməyən materialdan tikilən geyimlər uşaqlarda müxtəlif dəri xəstəlikləri, soyuqdəymə xəstəliklərinə meyillilik yaradacaq. Məktəbli formaları yun, pambıq parçadan tikilməli və ya  materialın tərkibində ən azı 50-60 % yun , pambıq olmalıdır. Belə geyimlər hiqroskopik(rütubəti udma) və yüksək havakeçirmə qabiliyyətinə malik olurlar. Bu halda uşağın bədəni ilə ətraf mühit arasında temperatur fərqi yaranmır, beləcə bədən temperaturu stabil qalır. Sintetik materialdan forma geyinmək düzgün deyil. Bu material hava keçirmir, bədən daim tərli olur. Ona görə tez-tez soyuqdəymələr olur.Bundan başqa dəridə allergik problemlər də qaçılmaz olur. Xüsusən sintetik köynəklər qəti qadağandır”.

Pediatr geyimin rənginin əhəmiyyəti barədə də söz açıb:

“Geyimin rəngi parlaq olmamalıdır. Bu uşaqlarda görməyə mənfi təsir edir. Forma  rahat olmalı, dar və ya həddindən artıq geniş olmamalıdır. Əksi təqdirdə şagirddə psixoloji diskomfort yaradacaq. Geyimin rəngi yuyulmaya davamlı olmalıdı, yuyulduqca solmamalıdır. Belə materiallardan tikilən geyimlər baha olsa da, sağlamlığa zəmanət verir. Əgər Bakı Tikiş Evinin tikdiyi geyimlər gigiyenik normalara cavab verirsə alın, yoxsa məsləhət deyil”.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları