Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-29 13:50:00
Qadınlar təhsildə hansı ayrı-seçkiliyə məruz qalır, nə kimi hüquqlardan məhrum edilir?-TƏHLİL  

25 noyabr bütün dünyada Qadın Zorakılığına qarşı Mübarizə Günü kimi qeyd olunur.

 

Bir çox ölkələr həmin tarix ərəfəsində bu məsələsini diqqətdə saxlayır.

 

Şübhəsiz ki, qadınların zorakılığa məruz qalmasının  əsas səbəblərindən biri də onların təhsil ala bilməməsi və buna uyğun əmək bazarında təmsil olunmamasıdır.

 

AzEdu.az xəbər verir ki, məsələni diqqətdə saxlayan Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi qadınların təhsildəki rolu haqqında vacib açıqlamalarla çıxış edib.

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edir ki, peşə imkanları olmayan qadınların çoxu erkən nikahın qurbanı olur, öz hüquqlarını müdafiə etmir, onlara qarşı kobud rəftara dözməli olurlar:

 

"Bəzi regionlarda 9- cu sinif buraxılış imtahanlarından sonra orta təhsildə qızların sayında kəskin azalma olur. Bu da erkən nikah və ya qızların təhsildən uzaq tutulması tendensiyalarından xəbər verir".

 

Dövlət İmtahan Mərkəzinin açıqladığı məlumata əsasən, şagirdlərin gender tərkibi göstərir ki, 9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 53.94%- ni (63013 nəfər) oğlanlar, 46.06%-ni (53814 nəfər) qızlar təşkil edir.

 

11-ci siniflər üzrə buraxılış imtahanında da mənzərə, demək olar ki, buna oxşar olub və imtahanda iştirak edən şagirdlərin 54.30%-i (42920 nəfər) oğlan, 45.70%-i (36123 nəfər) qızlar olub.

 

Həmçinin, Təhsil naziri Emin Əmrullayev qeyd edir ki, müəyyən hallarda qızların təhsildən yayındırılması qeydə alınır və bu, da bizi narahat edir.

 

Nazir bildirir ki, məktəbə getməyən qız gələcəkdə ailə quraraq və ana olacaq:

 

“Nəticədə həmin qadının öz övladının təhsili ilə məşğul olmasında çətinlik yaranacaq. Biz təhsilsiz qalan qızların problemlərinin gizlədilməsi tərəfdarı deyilik. Məsələ qısa müddət ərzində nə qədər çox üzə çıxarılsa, bir o qədər də problemin həlli istiqamətində addımlar atıla bilər".

 

Təhsil Nazirliyi hər 5 ildən bir 10 yaşlı şagirdlər arasında qiymətləndirmə keçirilir:

 

"Müəyyən edilir ki, qızlar oğlanlardan daha yaxşı nəticə göstərir. Qızlarda oxuyub-anlama bacarığı oğlanlara nisbətdə yaxşıdır. Növbəti qiymətləndirmə zamanı 15 yaşlı şagirdlər arasında qızların nəticələrinin aşağı düşdüyünü müşahidə edirik. Bunu təhlil etmək lazımdır. Düşünürəm ki, bu təhsil-pedaqoji məsələ ilə bağlı deyil, onların əhatə olunduqları insanların münasibəti və ünsiyyətə məruz qaldıqlarını hallarla bağlıdır".

 

Buna uyğun olaraq Təhsil naziri Emin Əmrullayev əlavə edir ki, ali məktəblərə qəbul zamanı ixtisasların qız və oğlanlar arasında paylanmasında da müəyyən uyğunsuzluqlar var:

 

"Kişilərə aid edilən ixtisaslarda qızların sayı hələ də aşağı səviyyədədir. Bu da bizi ciddi müzakirə aparmağa sövq edir. İstərdim ki, bu sahədə bərabərliyi təmin edək".

 

Qadınların dövlət qulluğu imtahanlarındakı rolunu vurğulayan Məleykə Abbaszadə  deyir ki, Azərbaycanda yardımçı vəzifələrə daha çox qadınlar işə götürülür.

 

Onun sözlərinə görə, bütün növ imtahanlarda qadınlar kişilərlə bərabər bilik və bacarıq səviyyəsi nümayiş etdirirlər:

 

"Hətta bir çox qadınlar kişilərlə müqayisədə yüksək nəticə əldə edirlər. Noyabrın 23-də dövlət qulluğuna qəbulla bağlı keçirilən imtahanda iştirak edənlərin 55 %-i kişilər idisə, yerdə qalanları qadınlar olub. Sertifikat alanların 50 %-i isə qadınlardır. Qadınlar əsasən ehtiyat kadr kimi sistemə daxil olur".

 

DİM sədri bildirir ki, bu rəqəm qadınlar üçün 58 faiz təşkil edir:

 

"Hazırda inzibati rəhbər vəzifələrində çalışan dövlət qulluqçularının sayı 3 111 nəfərdirsə, onun 17,01 faizi qadındır. Amma yardımçı vəzifələrdə çalışanların statistikasına baxdıqda bu rəqəmin 44 %-nin qadınların payına düşdüyünün şahidi olarıq. Qanuni nöqtəyi-nəzərdən bərabərliyin tətbiqində heç bir problem olmasa da, praktiki həyatda vəziyyət başqadır".

 

Bu məqamda müsbət tendesiyaları da gözardı etmək olmaz.

 

M.Abbaszadə qeyd edir ki, son 15 ildə ali məktəblərə qəbul zamanı texniki ixtisasları seçən qızların sayı kifayət qədər artıb:

 

 "Bu da o deməkdir ki, kişi ixtisası stereotipləri artıq pozulur. Hətta builki qəbul imtahanlarında Dəniz Akademiyasına 4 qız qəbul olunub".

 

Unutmayaq ki, kişi və qadın cəmiyyətin təməl daşıdır. Onların bərabər şəkildə təhsil almaq, elmi fəaliyyətlə məşğul olmaq və iş həyatında təmsil olunmaq kimi hüquqları var.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları