Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-13 12:53:00
Gizlədilən vakansiyalar, peyvənddən qaçan müəllimlər-Nazirin toxunduğu vacib MƏQAMLAR

12 sentyabrda Təhsil naziri Emin Əmrullayev “Real TV-yə müsahibə verib.

 

 

Müsahibə zamanı nazir yeni tədris ilinin təşkilinə dair bir sıra vacib məsələlərə aydınlıq gətirib:

 

 

AzEdu.az onları təqdim edir:

 

 

Nazir tədris işçilərinin vaksinasiya məsələsinin vacib olduğunu vurğulayıb:

 

 

“Artıq təhsil işçilərinin 80 faizi peyvənd olunub. Az sayda vaksin vurdurmayan təhsil işçiləri var və inanıram ki, məktəblərin açılmasına qədər onlar vaksin olunacaqlar.

 

 

Peyvəndləmə başlanan ilk vaxtlarda nəinki müəllimlər, eləcə də bir çox vətəndaşlar ehtiyat edib qorxurdu. Lakin zamanla hər kəs başa düşdü ki, pandemiyadan qurtulmağın yeganə yolu peyvənd olunmaqdır. İctimai yerdə çalışmaq o deməkdir ki, sağlamlığımıza önəm verməliyik.

 

 

Şagirdlərə məktəbdə dərs demək müəllimlərin işidir. Peyvənd olunmayıb prosesi ləngitmək doğru deyil. Odur ki, əks-göstərişi olmayan hər kəs peyvənd olunmalıdır".

 

 

Emin Əmrullayev müəllimlərin vakansiyasının gizlədilməsi faktının az da olsa, var olduğunu qeyd edib:

 

 

"Hər il müəllim vakansiyası ilə bağlı müəyyən problemlər olur. Yerlərin gizlədilməsi faktı az da olsa, var".

 

 

Nazir bildirib ki, müəllimlərin bir neçə dəfə imtahan verməsi ilə bağlı qaydalara dəyişiklik edilə bilər:

 

 

“Bir neçə məktəbə müəllim seçmək səlahiyyəti verilə bilər. Amma vacib məsələ şəffaflıqdır. Müəllim və resurs seçimində məktəb direktorunun səlahiyyətləri olacaq. İlk növbədə bacarıqlara yönəlik yaxın 3-4 il ərzində müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq. Düşünürəm ki, imtahanların mərkəzləşdirilmiş qaydada olması hələ qalacaq".

 

 

O, qeyd edib ki, məktəblərdə ilk həftələr sosial-psixoloji gərginliklə bağlı çətinlik yarana bilər:

 

 

“Məktəblərin açılışının ilk həftələrində sosial-psixoloji gərginliklə bağlı çətinlik yarana bilər”.

 

 

Nazir bildirib ki, bunun üçün ictimaiyyət səbrli olmalıdır:

 

 

“Başa düşüləndir ki, uzun müddətli fasilədən sonra yenidən ənənəvi təhsilə qayıdırıq və müəyyən qısa dövrlü çətinlik yaşana bilər. Ümumilikdə isə tədris prosesinin qaydasında olacağına ümid edirəm".

 

 

Yeni tədris ilindən 9-cu sinif şagirdlərinə "Zəfər tarixi" tədris ediləcək:

 

 

Nazir bildirib ki, bu fənn tədris dilindən asılı olmayaraq bütün siniflərdə Azərbaycan dilində 1 saat keçiriləcək: "Burada tək 44 günlük dövrü deyil, bu günə qədər olan tariximizi gənclərə çatdıracağıq".

 

 

Nazir: “Tədrisin digər dillərdə aparıldığı siniflərdə Azərbaycan dili üzrə saatlar artırılıb”:

 

 

"Bu o anlama gəlməsin ki, başqa tədris dillərinin əleyhinəyik. Yenə də ölkəmizin milli adət-ənənələri, dəyərləri şagirdlərin təlim və tərbiyəsində əsas meyar olmalıdır. Bu nöqteyi-nəzərdən tədrisin digər dillərdə aparıldığı siniflərdə Azərbaycan dili fənni üzrə saatlar 2 dəfə artırılıb. Məqsədimiz dilimizi daha yaxşı öyrənməkdir. Hesab edirəm ki, cəmiyyətimiz bunu yaxşı qarşılayacaq", - deyə nazir əlavə edib.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları