Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-19 17:24:00
Vyetnam ABŞ-da təhsil almağa göndərilən tələbələrin sayına görə altıncı yerdədir

Vyetnam 2020-2021-ci akademik ilində təhsil almaq üçün ABŞ-a göndərilən tələbələrin sayına görə dünya ölkələri arasında altıncı yerdə qərarlaşıb.

 

AzEdu.az “Zan Çi” qəzetinə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Beynəlxalq Təhsil üzrə Tədqiqat İnstitutunun hesabatında deyilir.

 

İnstitutun məlumatına görə, hazırda ABŞ-da 21,6 mindən çox vyetnamlı gənc təhsil alır. Onlardan 70,6 faizi bakalavrlar, 15,6 faizi magistrlər, 12 faizi elmi tədqiqatlarla məşğul olanlar, 1,6 faizi isə təhsil müəssisələrində xüsusi praktiki bacarıqlara yiyələnənlərdir. Vyetnamlı tələbələr daha çox dəqiq elmlər, mühəndislik, riyaziyyat, o cümlədən biznes və idarəetmə sahəsinə maraq göstərirlər - onların təxminən 46 faizi bu sahələr üzrə ixtisaslaşır.

 

ABŞ-da ali təhsil alan vyetnamlıların sayı hər iki ölkə arasında diplomatik əlaqələrin qurulduğu 1995-ci ildən başlayaraq artmaqda davam edir. Əgər 1995-ci ildə Birləşmiş Ştatlara minə yaxın vyetnamlı bakalavr və aspirant göndərilmişdisə, son illərdə bu rəqəm 20 dəfədən çox artıb.

 

Vyetnamın Təhsil və Kadr Hazırlığı Nazirliyinin məlumatına görə, ABŞ-dan başqa, Avstraliya, Böyük Britaniya, Rusiya, Fransa və Sinqapur ali təhsil almaq üçün populyar istiqamətlərdir. Nazirliyin tərtib etdiyi statistik məlumatlara görə, hazırda dünyanın 50 ölkəsində 110 mindən çox vyetnamlı tələbə və aspirant təhsil alır.