Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-05 16:41:00
Təhsil İnstitutu “Alston” Nəşriyyat Evi ilə əməkdaşlığın yeni mərhələsinə start verib  

Təhsil İnstitutu 2020-ci ildən Sinqapurun “Alston” Nəşriyyat Evi ilə əməkdaşlıq çərçivəsində təbiət elmləri üzrə təhsil proqramlarının təkmilləşdirilməsi və dərslik komplektlərinin yenilənməsinə başlayıb.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, bu əməkdaşlıq və təcrübə mübadiləsinin ilkin mərhələsində yerli mütəxəssislərin hazırladığı V sinif “Təbiət” dərslik komplekti artıq respublikanın 132 məktəbində sınaq məqsədilə şagirdlərə tədris olunur.

 

“Alston” Nəşriyyat Evi ilə uğurlu əməkdaşlığı nəzərə alaraq bu il layihənin növbəti mərhələsinə başlanılıb. Belə ki, növbəti aylarda ümumi təhsilin bütün mərhələlərində təbiət elmləri üzrə fənn kurikulumlarının təkmilləşdirilməsi məqsədilə yerli mütəxəssislər üçün təlimlər və konsultasiyalar keçiriləcək. Nəticədə “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” və XXI əsrin kompetensiyaları rəhbər tutularaq I-IV sinif “Həyat bilgisi”, V-VI sinif “Təbiət”, VII-XI sinif fizika, kimya və biologiya üzrə fənn kurikulumları daha da təkmilləşdiriləcək.

 

Qeyd edək ki, Təhsil İnstitutunun müəllif heyəti və sinqapurlu konsultantlar ilə ilkin görüş noyabrın 2-də keçirilib, layihənin icrası müzakirə olunub, iş bölgüsü aparılaraq ilkin tapşırıqlar verilib.