Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-03 12:36:00
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb  

Təhsil Nazirliyi və “Edumedia” şirkətinin birgə təşkilatçılığı ilə “PolyUp” Azərbaycan müsabiqəsi keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, “PolyUp” Stenford Universitetinin professorları tərəfindən təsis olunan süni zəka üzərində işləyən onlayn platforma və riyazi 3D simulyasiya mühitidir. Şagirdlər platformada təşkil olunan müsabiqədə iştirak etməklə dayanıqlı enerji, süni zəka, kriptoqrafiya tətbiqlərində robot texnologiyaları, mühəndisliyi, riyaziyyatı və digər müxtəlif sahələri kəşf edəcək, eləcə də yaradıcılıq bacarıqlarını nümayiş etdirəcəklər.

 

IV-XI sinif şagirdləri üçün təşkil olunan müsabiqənin mövzusu “Tullantıların təkrar emalının idarə edilməsi”dir. Şagirdlər platformada mövzu üzrə sinif səviyyələrinə uyğun müxtəlif tapşırıqları yerinə yetirməli və “Poly” xallar toplamalıdırlar. Müsabiqənin sonunda ən çox xal toplayan şagirdlər qalib elan olunacaq və keçiriləcək “PolyFest” tədbirində dəyərli hədiyyələrlə təltif olunacaqlar.

 

Müsabiqə haqqında daha ətraflı məlumat almaq üçün az.polychallenge.org internet səhifəsinə müraciət etmək mümkündür.