Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-01 16:44:00
Dövlət İmtahan Mərkəzi Astana Dövlət Qulluğu üzrə Regional Xabın illik konfransında təmsil olunub

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov və aparat rəhbəri Vəfadar Misirov Astana Dövlət Qulluğu üzrə Regional Xabın Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən illik konfransında iştirak ediblər.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, konfransın builki əsas mövzusu “Dövlət xidmətlərinin inkişafı və həmin sahədə əməkdaşlıq” olub. Tədbirdə dövlət orqanlarının inkişafının müəyyən aspektləri, dövlət idarəçiliyinin potensialının artırılması, dövlət idarəçiliyində ən son araşdırmalar və dövlət xidmətləri sahəsində əməkdaşlıq mövzularında müzakirələr aparılıb. İllik konfransda 40-dan çox ölkənin dövlət qulluğu orqanlarının rəhbər şəxsləri, ekspertlər və alimlər iştirak edib.

 

Konfransda açılış nitqindən sonra Regional Xabın yeni layihə və nəşrləri təqdim edilib. Eyni zamanda, regional qurumun tərəfdaşlarının mükafatlandırma mərasimi keçirilib.

 

Tədbir “Peşəkarların baxış və fikirləri” adlı sessiya ilə davam edib. Sessiya çərçivəsində BMT baş katibinin müavini, BMT-nin Beynəlxalq Dövlət Qulluğu Komissiyasının sədri, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) layihə meneceri, Dünya Bankının idarəetmə üzrə böyük mütəxəssisi və müxtəlif ölkələrdən dəvət edilmiş digər ekspertlər təcrübələrini bölüşüblər.

 

Konfransın ikinci günü “Davamlı inkişaf məqsədlərinə nail olmaq üçün dövlət idarəçiliyi islahatlarında dəyişikliklər: COVID-19 pandemiyasından imperativlər və dərslər” sessiyası ilə başlayıb və “İnsan resurslarının idarəolunmasında daxili kommunikasiyaların rolu. İctimai sektor brendinqi. Çağırışlar və perspektivlər” adlı sessiya ilə davam edib.

 

Tədbirin üçüncü günü Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyi, Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyi və “Zerdə” Milli İnfokommunikasiya Holdinqi” ilə birgə təşkil edilmiş sessiya ilə yekunlaşıb. Sessiyada dövlət orqanları tərəfindən göstərilən xidmətlərin rəqəmsallaşdırılması məsələsi üzrə müzakirələr aparılıb və ekspertlər tərəfindən təqdimatlar edilib.

 

Konfrans çərçivəsində Regional Xabın bu günə qədər əldə etdiyi nailiyyətləri, eləcə də gələcəkdə üzləşə biləcəyi problemləri müzakirə etmək məqsədilə Rəhbər Komitənin, Məsləhət Şurasının və Jurnalın Redaksiya Şurasının birgə iclası keçirilib.

 

DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov və aparat rəhbəri Vəfadar Misirov Regional Xabın Məsləhət Şurasının üzvləridir və tədbir zamanı dövlət qulluğu sahəsində gedən son islahatlar, həmçinin COVID-19 səbəbindən yaranan çətinliklərin aradan qaldırılması məsələləri ilə bağlı müxtəlif ölkələrin rəhbər şəxsləri ilə fikir mübadiləsi aparıblar.

 

Qeyd edək ki, Astana Dövlət Qulluğu üzrə Regional Xab (ACSH) dövlət qulluğu sahəsindəki yenilikləri müzakirə etmək və qabaqcıl təcrübəni bölüşmək üçün dünyanın 42 ölkəsinin müvafiq qurumlarını birləşdirən vahid platformadır. Hazırda təşkilatın 80 institusional tərəfdaşı var.