Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-29 12:24:00
Məktəb direktorları üçün seminarlar başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri üçün seminarlar başa çatıb.

 

ASzEdu.az xəbər verir ki, seminarın sonuncu günündə BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Suraxanı, Xətai, Pirallahı, Binəqədi, Nəsimi və Nizami rayonlarından məktəb direktorları iştirak ediblər.

 

BŞTİ-müdiri Mehriban Vəliyeva çıxışı zamanı təhsil nazirinin 2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə əmrində nəzərdə tutulan əsas hədəflərdən söz açıb, əyani təhsilin davamlılığının təmin olunmasında məktəb direktorlarının üzərinə düşən funksiyalardan, məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyindən danışıb.

 

Bildirib ki, yeni tədris ili ərzində təhsilalanlara keyfiyyətli təhsil vermək, zəruri hallarda onlara müstəqil öyrənmə bacarıqları aşılamaq, məktəb-şagird-valideyn üçbucağı çərçivəsində əməkdaşlıq platformasının işini günün tələbləri səviyyəsində qurmaq başlıca vəzifələrdəndir.

 

M.Vəliyeva ənənəvi təhsilin təşkilində ən vacib məsələlərdən birinin məhz təhsil işçilərinin vaksinasiyası olduğunu qeyd edib, ölkədə vaksinasiyaya start veriləndə təhsil işçilərinin bu prosesə ilk qoşulanlardan olduğunu xatırladıb. Direktorlara bu prosesə daha məsuliyyətlə yanaşmağı, xəstəliyə qarşı immuniteti artırmaq üçün iki doza vaksin olunmuş müəllimlərin 6 ay keçdikdən sonra üçüncü doza ilə peyvəndlənmə prosesində də nümunə olmasını tövsiyə edib.

İdarə müdiri mövcud vəziyyətlə əlaqədar təhsil müəssisələrində sanitar-epidemioloji qaydalara həssas yanaşılmasının vacibliyini qeyd edib, məktəb kollektivinin hamılıqla sağlamlıqlarını qorumaları üçün müvafiq qaydalara ciddi riayət etmələrinin zəruriliyini bildirib.

 

M.Vəliyeva BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində payız-qış mövsümü ilə əlaqədar istilik sistemlərinin vəziyyəti və bu məqsədlə görülən hazırlıq işlərindən də danışıb. Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə vurğuladığı kimi, gənc nəslin Zəfər tariximizdən sonrakı mərhələdə vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi məsələsinin təhsilin əsas hədəflərindən olduğunu diqqətə çatdırıb.

 

BŞTİ müdiri qarşıdan gələn Zəfər Günü ilə bağlı ümumi təhsil müəssisələrinin rəhbərlərini təbrik edib və qazanılan zəfərin təhsil sahəsində də yeni prioritetlər müəyyənləşdirdiyini deyib. O, yeni təyin olunmuş məktəb direktorlarını təqdim edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.

 

Seminarda çıxış edən BŞTİ-nin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Təlimə Dəstək Mərkəzinin direktor müavini Zaur Balaqadaşov ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilməsindəki çatışmazlıqların diaqnostik qiymətləndirmələr vasitəsilə aşkarlanması, IX sinif üzrə buraxılış imtahanlarının nəticələrində mənfi dinamika olan təhsil müəssisələrinin müəyyən olunması, tədrisdə keyfiyyətin artırılması üçün nəzərdə tutulan tədbirlərin keçirilməsi, 2021-2022-ci tədris ili üzrə məktəblərin fəaliyyət planlarının hazırlanması, o cümlədən hesabatlılıq və monitorinq, ümumi təhsil müəssisələrində layihə olimpiadaları, STEAM və “Rəqəmsal bacarıqlar” pilot layihələrinin tətbiqi ilə bağlı məlumat veriblər.

 

Daha sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr səsləndirilib.