Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-21 16:13:00
Vətən müharibəsi iştirakçısı olan təhsil işçiləri ilə görüş keçirilib

Oktyabrın 21-də Abşeron rayonu və Sumqayıt şəhəri üzrə 44 günlük Vətən müharibəsində döyüşən təhsil işçiləri ilə görüş keçirilib.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə təhsil nazirinin müavini Muxtar Məmmədov, nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov, qeyd edilən bölgələr üzrə yerli təhsili idarəetmə qurumlarının rəhbərləri, Sumqayıt və Abşeron üzrə Vətən müharibəsində iştirak edən 11 təhsil işçisi, Abşeron rayonu Masazır kənd 5 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, şəhid Qoşqar Ömərovun atası Səxavət Ömərov iştirak ediblər.

 

Görüşün məqsədi müharibədə iştirak etmiş təhsil işçilərinə diqqət, təhsil işçilərinin Qələbənin əldə olunmasında rolunun vurğulanması, onlarla görüşün gənclərə stimul verməsi və vətənpərvərlik hisslərinin aşılanması olub.

 

Əvvəlcə məktəbin adını daşıdığı Birinci Qarabağ müharibəsi şəhidi Bəxtiyar Cəfərovun büstü önünə gül dəstələri düzülüb.

 

Qonaqlar məktəbdə yaradılan şəraitlə tanış olub, kimya, fizika laboratoriyalarında, STEAM otaqlarında keçirilən dərsləri izləyiblər.

 

Sonra Vətən müharibəsi iştirakçısı olan təhsil işçiləri ilə söhbət aparılıb.

 

Görüş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Təhsil nazirinin müavini Muxtar Məmmədov çıxış edərək gənclərin vətənpərvər ruhda yetişməsində məktəblərin, müəllimlərin rolundan danışıb. Yaşanılan şanlı tarixin, qazanılan zəfərin şagirdlərə ətraflı tədrisinin vacibliyinə toxunan nazir müavini məktəblərdə qazilərlə mütəmadi görüşlərin təşkilinin əhəmiyyətini qeyd edib.

 

M.Məmmədov Vətən müharibəsi iştirakçısı olan təhsil işçilərinə təşəkkür edib və onlara uğurlar arzulayıb.

 

Daha sonra təhsil işçiləri döyüş xatirələrini bölüşüb, onlara göstərilən diqqət üçün təşəkkürlərini ifadə ediblər.

 

Görüşdən sonra tədbir iştirakçıları Xırdalan şəhər 3 nömrəli tam orta məktəbin həyətində Təhsil Nazirliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyi və Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Zəfərdən yaşıl düşüncəyə” adlı ağacəkmə aksiyasında iştirak ediblər.