Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-14 15:37:00
Universiteti peşə məktəbinə dəyişən Günsel: “Seçimimi valideynlərim etdi, 4 il vaxt itirdim”-MÜSAHİBƏ

 

  İldən-ilə peşə məktəblərinə qəbul sayı artmaqdadır. Belə ki, ali məktəbi bitirən bəzi şəxlər belə peşə məktəbində oxumağı seçirlər

 

AzEdu.az  onlardan biri olan  Eminli Günsel Musa qızı ilə müsahibəni  sizə  təqdim edir.   

 

Qeyd edək ki, Gülsel Eminli Azərbaycan Dövlət Pedaqoji Universitetinin   “İbtidai sinif müəllimliyi” ixtisasını bitirsə də, sonradan yolunu peşə tədris müəssisəsindən salıb. Ali təhsilli kadr olmasına baxmayaraq,  Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “ Veb dizayner və proqram təminatçısı” təhsilini alıb.

 

-Ali təhsilli kadr ola-ola, peşə məktəbinə daxil olmağınızın səbəbi nə idi ?

 

-“Peşə məktəbi”nə daxil olma səbəbim proqram təminatçısı olmaqdır. Hal- hazırda bu sahəyə tələbat çox olduğu üçün düşünürəm ki, bu istiqamət üzrə ixtisaslaşsam, uğurlu karyera sahibi olmaq yolunda ilkin addımı atmış olacağam.

 

-Ailənizin ali məktəbi bitirdikdən sonra ixtisasınız üzrə işləməyib, peşə tədris mərkəzinə getmənizə münasibəti necə oldu?

 

 

-Ailəm ixtisasım üzrə işləməyimi daha məqsədəuyğun saysa da,  ixtisasım məni qane etmirdi. Orta məktəbi bitirib universitetə qəbul olduğumuz zaman ixtisasımızı valideynlərimiz seçir və  öz dövrləri ilə müqayisə edərək, bizə yaraşan ixtisas olduğunu vurğulayırlar. Məsələn, valideynlər  “qızlar üçün ən gözəl ixtisas müəllimlikdir” tipli ifadələri tez- tez işlədirlər. Yaxud  şöhrətinə aldanaraq ixtisas seçimi edirik.

 

Məsələn, bəzi yeniyetmələrin qarşısında iki seçim olur: ya tərcüməçilik ya da ingilis dili müəllimliyi. Tərcüməçilik daha yaxşı səsləndiyi üçün o ixtisas üzrə seçimini edir, lakin təhsilini bitirib iş tapa bilmir deyə, yenidən ixtisasartırmaya müraciət edir. Bütün bu amilləri dəyərləndirib,  ixtisasın ona verəcəyi faydaları nəzərə alaraq ixtisaslaşmaq lazımdır deyə düşünürəm.

 

-Ali məktəbdə oxuduğunuz 4 ili vaxt itkisi həsab edirsiniz?

 

-Bəli, universitetdə oxuduğum  4 il mənim üçün tamamilə vaxt itkisi oldu. Əgər  bir şəxs  universiteti sadəcə ali təhsil olsun deyə oxuyursa, təbii ki, bu,  vaxt və enerji itiririk.

 

Onu qeyd etmək istəyirəm ki, gənclər gərək hal- hazırki dövrün təlabatına uyğun ixtisas seçimi etsin ki, universitet bitirdikdən sonra iş tapmaqda çətinlik çəkməsinlər.

 

Əminəm ki, bir neçə ilə ali təhsil almış bir çox insan yenidən peşə məktəblərinə üz tutacaq çünki, peşə məktəbi bizə lazım olan təhsili verir, bizi öz ixtisasımız üzrə təkmilləşdirir. Ali təhsil müəssisələrində ixtisasımızla əlaqəsi olmayan onlarla bəlkə də daha çox fənn tədris olunur, bunun bizə heç bir faydası olmur.

 

Sadəcə vaxt itiririk. Əlavə  olaraq  onu da qeyd etmək istəyirəm ki, ali təhsil alıb hazırda işləyən tələbələr üçün şərait yaradılsa  peşə məktəblərinə daha çox insan müraciət edər. Çünki, universiteti bitirdikdən sonra artıq işləmək məcburiyyətində qalırıq və işimiz dərs saatı ilə uyğunlaşmır”.

 

 

-Bəs nə zamansa, bakalavriat ixtisasınız üzrə işləməyi düşünürsüz?

 

-Hal- hazırda öz ixtisasım üzrə işləmirəm. İşləməyi də düşünmürəm. Buna səbəb ixtisasım üzrə rəqabətin güclü olması və ixtisasıma marağımın zəifliyidir. Çünki əvvəldə qeyd etdiyim kimi ixtisasım valideynim tərəfindən seçilib. Təəssüf ki, o yaşda bizə seçim imkanı verilmir və biz özümüz də bəzi şeylərin fərqində olmuruq.

 

 

-Peşə məktəbinə daxil olmağınız maddi baxımdan sizə nəcə təsir etdi, ixtisasınız üzrə çalışıb pul qazana bilirsiz?

 

-Peşə məktəbinə ödənişsiz əsaslarla qəbul olduğum üçün maddi baxımdan heç bir təsiri olmadı. Ödənişli əsaslarla qəbul olsaydım belə təsiri olacağını düşünmürəm, çünki gənclər ali təhsil müəssisəsini bitirdikdən sonra aldığı təhsil ona kifayət etmir və ixtisasını yenidən fərqli-fərqli kurslarda iştirak edərək öyrənir və bu onlara maddi cəhətdən çox da asan başa gəlmir.

 

 

Gülcahan Məmmədovma