Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-14 11:53:00
Distant təhsilə keçməyin tərəfdarı deyiləm- Həkimdən  etiraz 

“Bütünlüklə distant təhsilə keçməyin tərəfdarı deyiləm”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə deyib.

 

O, təhsilin dayandırılmasının tərəfdarı olmadığını vurğulayıb:

 

“Sağlamlıq hamı üçün vacib amildir, lakin təhsilin də əhəmiyyətini unutmaq olmaz. Hər iki nüans birlikdə olarsa, effektiv nəticə əldə etmək mümkündür. Tamamilə distant təhsilə keçməyin tərəfdarı deyiləm. Hansısa məktəbdə COVİD yoxdursa, onu bağlamaq düzgün deyil. Lakin sinifdə yoluxma faktı olarsa, epidemik zəmin imkan verir ki, distant təhsilə keçilsin. Dünən vəfat edən şagirdin yanaşı xəstəliyinin olduğunu düşünürəm. Hazırda ölkəmizdə delta ştammı özünü göstərir, o, da yanaşı xəstəliyi olan şəxslərin ölümünə səbəb olur. Ümumi olaraq təhsilin ölkə üzrə distanta keçməsinin tərəfdarı deyiləm. Çünki epidemioloji vəziyyət hazırda buna zəmin yaratmır.

 

 

Ölüm faktı ilə rastlaşmamaq və bədbin sonluqla nəticələnməmək üçün valideynlər övladlarını da vaksinasiyadan keçirməlidir. Uşaq olmaq o demək deyil ki, o, koronavirusdan ölə bilməz. Uşaqların da anadangəlmə və sonradan qazanılma xroniki xəstəlikləri ola bilər. Həmin uşaqların vəziyyəti ağırlaşmasın deyə, onları mütləq peyvəndə cəlb etdirmək lazımdır ki, belə mənfi sonluqla qarşılaşmayaq”.

 

 

Belə ki, Sumqayıt şəhər sakini Əsgərov Kamil İslam oğlu 09.10.2021-ci il tarixində saat 20:05-də təcili tibbi yardımla Sumqayıt şəhər Uşaq Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub. Bu zaman xəstədə yüksək hərarət, boğulma, təngənəfəslik əlamətləri müşahidə olunub. İlkin diaqnoz “Kəskin bronxit, bronxospazm” təyin edilib, eyni zamanda xəstədən Covid-19 testi götürülüb və nəticə pozitiv olub. Həkimlərin təyin etdiyi son klinik diaqnoz Covid-19, ikitərəfli pnevmoniya, kəskin tənəffüs çatışmazlığı, alimentar piylənmə olub. Oktyabrın 10-dan aparılan kliniki müalicə tədbirlərinə baxmayaraq Kamil Əsgərov növbəti gün, yəni oktyabrın 11-də kəskin ürək-tənəffüs çatışmazlığından vəfat edib. Məlumat üçün qeyd edək ki, Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9-ci sinif şagirdi Kamil Əsgərov sonuncu dəfə oktyabrın 5-də dərslərdə iştirak edib. Həmin məktəbdə, həmçinin şagirdin oxuduğu sinifdə Covid-19 infeksiyasına yoluxma halı qeydə alınmayıb. Covid-19 infeksiyasına yoluxmuş xəstələrdə alimentar piylənmənin olması, eləcə də qanda şəkər miqdarının yüksək olması xəstəliyin gedişatına çox mənfi və ağırlaşdırıcı təsir göstərir. Eyni zamanda xəstə 5 gün müddətində xəstəxanaya müraciət etməməsi və ev şəraitində müalicə olunması gedişata mənfi təsir göstərib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları