Seçilmiş peşə məktəblərinin rəhbər şəxslərinin Türkiyəyə təlim-təcrübə səfəri davam edir.

 

AzEdu.az xəbər verir ki, peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, təlim-təcrübə səfərinin 8-ci günündə seçilmiş peşə məktəblərinin rəhbərləri Mehmet Rıfat Evyap Peşə və Texniki Anadolu Liseyində olublar. Liseyin direktoru Barış Sayğılı Türkiyədə peşə təhsilinin inkişafı barədə söhbət açıb, rəhbərlik etdiyi müəssisənin peşə təhsilinə verdiyi töhfələrdən danışıb.

 

Liseyin maddi-texniki bazası ilə tanışlıq üçün infotur təşkil olunub. Daha sonra sözügedən liseylə özəl sektor arasında əməkdaşlıq barədə məlumatlandırma sessiyası olub. “Acerpro” şirkətinin rəhbəri Fatih Acer liseydə şirkət tərəfindən qurulan laboratoriya və əməkdaşlıq çərçivəsində görülən işlər barədə təlim iştirakçılarını məlumatlandırıb. Professor Tuncay Akçadağ “Təhsilin idarə edilməsi və liderlik” mövzusunda təlimdə effektiv təhsil idarəetməsinin əsas prinsiplərindən bəhs edib.

 

Təlim-təcrübə səfərinin səkkizinci günü “Rumeli Hisarı” və “Emirgan Korusu” gəzintisi ilə yekunlaşıb.

 

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair protokol” çərçivəsində həyata keçirilən səfərin əsas məqsədi peşə təhsili müəssisələrinin idarəedilməsində Türkiyədə tətbiq edilən qabaqcıl təcrübənin öyrənilməsindən ibarətdir. Bakı və müxtəlif regionları təmsil edən peşə məktəblərinin 15 rəhbər şəxsi 2 həftə ərzində müxtəlif istiqamətlər üzrə təlimlərə qatılır, eyni zamanda, sahəvi peşə təhsili müəssisələrində fəaliyyətin təşkili təcrübəsindən faydalanırlar.

 

Təlim-təcrübə səfərinin oktyabrın 17-dək davam etməsi nəzərdə tutulur.