Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-12 17:14:00
Bu problemlərin kökü Misir Mərdanovun vaxtında qoyuldu – Sədr müavini  

 

 

 

Mən bu məsələyə yenidən qayıtmaq fikrində deyildim...

 

 

Mən bu məsələyə yenidən qayıtmaq, qiymətli vaxtımı dedi-qoduya sərf etmək fikrində deyildim. Ancaq, sabiq nazirin elementar etik normalarından kənar “Çoxları yaltaq, qorxaq adamdır, söz deyən deyil” atmacası artıq əndazəni aşmaq ollduğundan əvvəla,  desin görək ona yaltaqlıq edənlər kimlər olub. İctimai Şurada təmsil olunanlardan, onunla can bir qəlbdə olanlar çəmi iki nəfərdir ki, bunu da təhsil ictimaiyyəti arasında bilməyən yoxdur. Əgər, onlarda hansısa bir yaltaqlıq elementi müşahidə edibsə, onda oxu atıb, yayı gizlətnək nə deməkdir...? O ki, qaldı “qorxaq və söz deməyənlərə”, təhsilə 15 illik rəhbərliyi ərzində ona o qədər söz deyildi ki, hətta o illəri Misir Mərdanovun fironluğu dövrü da adlandıranlar oldu. Hansı birinə reaksiya verildi?

 

Dərsliklər tanış-biliş tərəfindən yazılanda, içəriləri küçə həyatı sürənlərə və məhbus həyatı yaşayanlara xas olan vulqar sözlər və jarqon ifadələrlə, “Kəs səsini qancığın balası”, “Kəs deyirəm qancıqdan süd əmən!” kimi “seçmələrlə” doldurulanda, Oteçestvo” (Vətən) ilə “Otçestvo” (ata xətti ilə soyad) arasındakı mənanın fərqinə varmayaraq “Azərbaycan tarixi” kursu “Ata yurdu”na çeviriləndə, dərslikdəki  “tut ağacı”, “derji derevo” (ağacı tut) kimi tərcümə ediləndə, digər bir dərslikdə Amerikanın Xristofor Kolumb tərəfindən deyil, Nəsirəddin Tusinin kəşf etməsi barədə material salınanda, sanki tarix, coğrafiya, cəbr, kimya, biologiya, fizika, informatika bizim sözlər imiş kimi “Əlifba”ya “ərəb damğası” vurub sıradan çıxaranda və s. və i.a kimi məsələlərə iradlar süngü və qalxanla qarşılandı. Nazir səviyyəsində cavab isə ondan ibarət oldu ki, “bunları deyənlər təhsildən incik düşənlərdir... ”

 

Nə yaxşi ki, o vaxtlar dərsliklərimizdə rus dilində işlənən “oteçestvennaya istoriya” ifadəsini “ata tarixi”, “oteçestvennaya voyna” ifadəsini “ata müharibəsi”, “za oteçestvo” ifadəsini “ata uğrunda”, “rodina matъ zovet” ifadəsini “ata vətən çağırır” kimi ifadə etməmişik. Aləmə biabır olardıq. Nə bilmək olar, bəlkə də dərslik vasitəsi ilə yurdun ataya, yaxud anaya məxsus olmasını vurğulamaqla, bəlkə uşaqlarımıza elə erkən vaxtlardan “mülkiyyət hüququnun əsaslarını” öyrətməyi qarşımıza məqsəd qoymuşduq?

 

 

 

Halbuki, bu nöqsanları ekspertlərdən daha çox sıravi valideynlər və hətta kiçik məktəblilər tapıb, sosial şəbəkələrdə paylaşırdılar. Nəhayət, iş o yerə çatdı ki, Ölkə başçısı TQDK-ya dərsliklərin monitoringinin aparılması barədə tapşırıq verdi. Nəticə olaraq monitorinq tərəfindən bütün deyilənlər öz təsdiqini tapdı. Əgər digər sahələrə də gözucu nəzər yetirsəydik, bir daha əmin ola bilərdik ki, bir vaxtlar apardığimız bütün dəyişikliklər məzmun istisna olmaqla, əsasən formaya xidmət edib.

 

Hazırda məktəblərdə yaranan sıxlıq  təhsilimizin problemlərindən biri kimi tez-tez gündəmə gətirilir. Bunun təməl daşı isə əsasən Misir Mərdanovun dövründə qoyuldu. Təhsil Nazirliyinin balansında olan 300-ə qədər uşaq bağçası özəlləşdirilməyə çıxarıldı. Bunda da məqsəd özəl sektoru inkişaf etdirmək, həm də bağçaların təyinatı üzrə fəaliyyət göstərməsinə nəzarət etmək idi. Özəlləşdirmədən sonra bağçaların böyük əksəriyyəti öz təyinatı üzrə işləmədi. Bağçaları sökdülər və yerində restoran, göydələn, gözəllik salonları, şadlıq sarayları, məişət-xidməti evləri tikdilər. Nəticə isə ondan ibarət oldu ki, təhsilin fasiləsizlik, varislik, tamlıq, ardıcıllıq kimi prinsipləri pozuldu, bağçalarla bağlı defisit əmələ gəldi. Bu faktlar aşkarlananda isə bağçalar Təhsil nazirliyindən alındı. 

 

 30-ə qədər məktəbin ərazisinin qanunsuz zəbt edilməsinə göz yumuldu. Bu məsələni rəsmi olaraq həll etmək mümkün olmadı. O vaxt məktəblərin texniki pasportlarında bütün məktəbin ərazisi kvadratmetrinə qədər göstərilirdi. Pasportların kiril əlifbasında olması və latına çevrilməsi əsas gətirilərək, bütün məktəblərdən yığışdırıldı. Bundan sonra məktəblərin ərazisini, hüdudlarını müəyyən etmək mümkün olmadı. Sonradan məlum oldu ki, məktəblərin xeyli hissəsi, stadionlar, həmçinin, uşaq bağçalarının həyətləri ayrı-ayrı adamlara satılıb, yerində göydələnlər ucladılıb. Halbuki, sıxlığı aradan qaldırmaq üçün zəbt edilən bağçalarda məktəbə hazırlıq qruplarını yerləşdirmək, sahələri məhdudlaşdırılan məktəb ərazilərində isə əlavə korpuslar inşa etmək olardı. Nə isə uzun məsələdir...

 

Bilənlər bilir, bilməyənlər isə bilsin ki, təmsil olunduğumuz İctimai Şura dövlət idarəetmə prosesində yaxından iştirak etməklə, ictimai nəzarətin təşkili, ictimai rəyin nəzərə alınması kimi mühüm missiyanı həyata keçirərək, ictimaiyyətlə məsləhətləşmələr, ictimai müzakirələr və ictimai dinləmələr, yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması kimi demokratik missiyanı yerinə yetirir, təhsilimizin daha da inkişafına öz töhfəsini vermək üçün Əsasnamə tələbləri ilə müəyyən edilmiş  bütün mümkün imkanlarından istifadə edib.

 

Bu baxımdan iki illik fəaliyyətinin demək olar ki, yarısından çoxunun pandemia şəraitinə düşməsinə baxmayaraq,  Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması haqqında qərar təhsil sahəsində dövlət siyasətinin  demokratiklik, şəffaflıq, aşkarlıq, humanistlik kimi prinsiplərinin həyata keçirilməsi, strateji hədəflərin məqsəd və məzmunu haqqında aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması və reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşdırılması, idarəetmə prosesində maraqlı tərəflərin iştirakının təmin edilməsi istiqamətində qənaətbəxş hesab edilə və digər Nazirliklərin yanında yaradılan İctimai Şuralar üçün bir nümunə, örnək ola bilər.

 

Və nəhayət Misir Mərdanovun  “Həm də mənim o qədər işim var kiözümü həmin quruma üzv etmək istəmirəm” kimi minnət xarakterli imtinasına cavabım da o olar ki, həmin quruma üzv olmaq istəklə deyil, gizli səsvermə yolu ilədir. Bir də ki, Şurada təmsil olunanlar işsiz-gücsüz bekar adamlar deyil, işini, gücünü atıb, minnətsiz- möhnətsiz, əllərindən gələn qədər təhsilimizə xidmət edənlərdir.

 

Nadir İsrafilov

TN yanında İctimai Şuranın sədr müavini