Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-05 17:55:00
“Bu xəbər mənim üçün gözlənilməz oldu”-Firudin bəy Köçərli"  mükafatının qalibləri DANIŞDI

 

AzEdu Təhsil Portalı, AzEdu Academy və Təhsil Jurnalistləri Birliyi 5 oktyabr  Beynəlxalq Müəllimlər  Günü münasibətilə  “Firudin bəy Köçərli”  mükafatını təsis edib.

 

AzEdu.az  xəbər verir ki, mükafat hər ilin 5 oktyabr tarixində  bir neçə nominasiya üzrə layiqli sahiblərinə təqdim edilir.

 

Builki qaliblərdən biri olan Təhsil Nazirliyi yanında İctimai şuranın sədri, professor Şahlar Əsgərov bu mükafatın onun üçün gözlənilməz olduğunu bildirib:

 

“Bu mükafata layiq görülmək əlbəttə ki, sevindiricidir. Gözləmədiyimiz anda  jurnalistlər, bir qisim şəxslərin qənaətindən doğan mükafatadır. Gözləmirdim, bu mmükafata layiq görülən hər kəsi təbrik edir, qaliblərin seçimini həyata keçirən komissiyaya təşəkkürümü bildirirəm. Liberal dəyərlərin ən vacib tərəfi də mükafatlandırmadır. Müəllimi də, şagirdi də, istənilən sahədə sadə işçini də mükafatlandırmaq lazımdır.Bu mükafata insanı daha enerjili işləməyə sövq edir. Bu səbəblə qaliblərin hər birini bir daha təbrik edirəm”.

 

Qaliblərdən digəri biri olan Təhsil Nazirliyi yanında İctimai şuranın sədr müavini Nadir İsrafilov  mükafatın qalibləri siyahısının açıqlanmasının Müəllimlər Gününə təsadüf etməsinə diqqət çəkib:

 

“Uzun illik pedaqoji fəaliyyətim ərzində bir çox mükafatlara və təltiflərə layiq görülmüşəm. Lakin, bu mükafat mənim üçün xüsusilə dəyərlidir. Çünki, “Ey qardaşlar, həyatın qədrini biliniz, oyanınız, hərəkət ediniz, qapı-bacalarınızı açınız, evinizə işıq düşsün, üfunətli və ağır havası dəyişilsin. Gözlərinizin tozunu silib diqqət ilə ətrafa baxınız, hər kəs işləyir, çalışır, həyatdan nəfbərdar olur” deyərək, xalqını gələcəyə səsləyən, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz xərcinə Qazax şəhərinə köçürmüş, bunun əsasında Azərbaycan Müəllimlər Seminariyası yaratmış, Sovet işğalına qədər bu seminariyaya rəhbərlik etmiş, hələ Qori müəllimlər seminariyasında təhsil alarkən "Təlimi-Sokrat" əsərini yazan, İrəvan gimnaziyasında çalışdığı illərdə Zöhrabzadə ilə birlikdə "Təlimi-lisani-türkü" adlı dərslik tərtib edən, bir çox rus və dünya klasslklərin əsərlərini ana dilimizə tərcümə edən, Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi Firidun bəy Köçərlinin adına təsis edilib. Təkcə, bu mükafata layiq bilindiyimə görə deyil, ümumiyyətlə belə bir mükafatı təsis etdiklərinə və qaliblərin elan edilməsini məhz 5 oktyabr Beynəlxalq Müəllimlər Gününə saldıqlarına görə AzEdu Təhsil Portalı, AzEdu Academy və Azərbaycan Təhsil Jurnalistləri Birliyinə öz dərin təşəkkürümü bildirir, Azərbaycanın görkəmli maarifçisi, pedaqoqunun adını daşıyan bu yüksək mükafata layiq görülən digər həmkarlarımı da səmimi qəlbdən təbrik edir, təhsilimizin daha da inkişafı və tərəqqisi naminə fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram... Bu mükafatı görkəmli maarifçimizə göstərilən hörmət və ehtiram nümunəsi, həm də təhsilin təbliği və inkişafında ziyalılarımızın xidmətlərinin dəyərləndirilməsi kimi qəbul edirəm”.

 

Mükafata layiq görülənlərlər siyahısında yer alan T-Networkun baş mütəxəssisi, biologiya müəllimi Qoşqar Məhərrəmov bu mükafatın T-Network komandası üçün motivasiya olduğunu bildirərək təhsil sahəsində gələcək fəaliyyətlərindən danışıb:

 

AzEdu təhsil portalına, Təhsil Jurnalistləri Birliyinə, bizim əməyimizi üsusi qiymətləndirən hər kəsə  Firudin bəy Köçərli adına mükafata layiq görüldüyüm üçün öz təşəkkürümü bildirirəm. Əlbəttə, bu bizim üçün motivasiyadır, ilhamdır. Belə mükafatların təsis olunması gələcək fəaliyyətimizdə bizə enerji verir. Məlumdur ki, Firudin bəy Köçərli Azərbaycanın ilk dahi, eyni zamanda öz həyatını təhsilə adamış pedaqoqlarından biridir. Mənim üçün onun adına təsis olunmuş mükafata layiq görülməyim xüsusi əhəmiyyət kəsb edir. Bundan sonrakı təhsil fəaliyyətimiz, əlbəttə, yenə də müəllimlərin, təhsil işçilərinin inkişafı, təkmilləşdirilməsi istiqamətində olacaq. T-Network  komandası olaraq gördüyümüz iş də elə tam olaraq bundan ibarətdir. Müəllimlərin şəbəkələşməsi, bir-birindən öyrənməsi, gözəl nümunələrin yayılması istiqamətində fəaliyyətlərimiz dünən başlayıb, bu gün davam edir, sabah da inşallah davam edəcək. Bu sahədə bizim yanımızda olan,dəstəkləyən hər kəsə xüsusi təşəkkür edirik. Biz də  təhsil qurumlarının, təhsil  adına bir araya gəlmiş insanların, cəmiyyətlərin, təşkilatların da hər zaman yanındayıq. Onların işlərində, fəaliyyətlərində rol almağa hazırıq. Həm də  həmin təşkilatları qurumlararası, şəxslərarası əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün onları da aramızda görməkdən çox şad olarıq. Artıq bir il yarımdır ki, davam edən həm T-Network platformasında, həm də Təhsil İdarəçiləri Asossiasiyasında başlatdığımız işlər əlbəttə, ictimaiyyətin xüsusi diqqətini çəkdi. Bunun təhsil mütəxəssisləri, ekspertlər tərəfindən də  qiymətləndirilməsi əslində bizim məsuliyyətimizi artırır. Ümüd edək ki, bu ada, bu mükafata layiq olarıq. Mən layiq olduğumuz düşünmürəm, ümüd edirəm ki, nə zamansa olarıq”.

 

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, -“Göstərilən diqqət üçün təşəkkür edirəm. Ancaq biz öz işimizi görürük və bundan da hər zaman zövq alırıq. Firudin bəy Köçərli Azərbaycanın ən böyük maarifçisi olub. Bu ad hamımız üçün şərəfdir”- deyə bildirib.