Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-01 11:51:00
Orta əsrlərdə alban kilsəsinin erməni kilsəsinin dini-siyasi nüfuzuna qarşı mübarizəsi  

Təhsil İnstitutu işğaldan azad edilmiş ərazilərdə humanitar və tarixi, təhsil, mədəniyyət, dini məsələlər üzrə fəaliyyətə start verib.

 

İlk növbədə, işğaldan azad edilmiş ərazilərin mədəni sərvəti haqqında tədbir və layihələr həyata keçirilir. Fəaliyyətlər çərçivəsində Qafqaz Albaniyası haqqında kitab və məqalələrin yazılması da nəzərdə tutulub.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədovanın “Orta əsrlərdə alban kilsəsinin erməni kilsəsinin dini-siyasi nüfuzuna qarşı mübarizəsi” sərlövhəli məqaləsi Qafqaz Albaniyası irsi haqqında məlumatlandırma məqsədi daşıyır.

 

AzEdu.az məqaləni təqdim edir.

 

Vətən müharibəsindəki qələbəmiz Şimali Azərbaycan ərazisində yaranmış ən qədim dövlət olan Qafqaz Albaniyasının irsinə münasibət məsələsini gündəmə gətirdi. Qafqaz Albaniyasının tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsidir. Antik dövrün bir hissəsini və erkən orta əsrlərin (eramızdan əvvəl IV əsr – eramızın VIII əsri) bir neçə yüzilliyini əhatə edən Albaniya dövrü tariximizdə çox mühüm və ziddiyyətli bir mərhələdir. 44 günlük müharibədə qazanılan tarixi qələbəmiz nəticəsində dünya xristian irsinin mühüm hissəsi olan Qafqaz Albaniyası abidələri erməniləşdirmə təhlükəsindən xilas oldu.

 

Qafqazda, eləcə də bütün xristian dünyasında mövcud olan qədim kilsələrdən biri alban kilsəsidir. Albaniya, xristianlıq hələ dövlət dini olmamış xristian icmalarının yarandığı ölkələr sırasındadır.

 

Alban ənənəsinə görə, eramızın ilk əsrlərinin başlanğıcında Yerusəlimdən, Suriyadan ilk xristian missionerləri, həvariləri (apostolları) və həvarilərin şagirdləri Albaniyaya gəlmiş, ilk xristian icmaları yaranmışdı. Alban kilsəsi öz mənşəyinə görə ilkin çağından bilavasitə Yerusəlimlə, Yerusəlimin kilsəsi ilə, sonralar isə Yerusəlimin patriarxlığı ilə bağlı olub.

 

Beləliklə, xristianlığın şərqdə daşıyıcıları aramilər, suriyalılar oldu. İncil təliminin siryanilərin (suriyalıların, aramilərin) köməyilə Şərq ölkələrində yayılması çox vaxt onların ticarət həyatında oynadıqları rolla izah edilir. Aralıq dənizi ilə Yaxın və Uzaq Şərq ölkələri arasında fəaliyyət göstərən köhnə su və quru ticarətinin çox hissəsi siryanilərin əllərində idi. Ticarət yolları onları Mesopotamiyadan çox uzaqlara - Albaniyaya aparırdı. Ta qədimdən ticarətlə məşğul olan siryanilər ticarət əməliyyatlarını həyata keçirərkən, eyni zamanda, yeni görüşün yayıcısına çevrilir, xristian təliminin hər yerə çatdırılmasına yardım edirdilər.

 

VII əsrdə yaşamış yerli salnaməçi M.Kalankatuklu yazır: “Lakin ədalət günəşinin çıxdığı vaxt yetişdikdə, xilasımız, dərkedilməz varlıq - Atamızın şöhrət və mahiyyətinin işığı hamımızın qeydinə qalmaq üçün bizim yanımıza gəlib heç vaxt ayrılmadığı varlığın şöhrətinə sahib olduqda, o, öz müqəddəs və sevimli şagirdlərini dini təbliğ etmək üçün dünyanın hər yerinə göndərdi. Şərq sakinlərinin bəxtinə həvari Faddey düşdü”. Müəllif bildirir ki, onun (Faddeyin) şagirdi müqəddəs Yelisey Yerusəlimə qayıdaraq onun əzabları haqqında digər həvarilərə danışır. Yelisey orada Yerusəlimin ilk patriarxı müqəddəs Yakov tərəfindən təyinat alır. Yeliseyin payına Şərq düşür. Burada müəllif “digər həvarilər” dedikdə Faddeyin, Yeliseyin və başqa həvarilərin fəaliyyətlərinin eyni zaman çərçivəsində, yəni I-II əsrlərdə baş verdiyini göstərmək istəyir. Bu mətndə Şərq dedikdə, Albaniya nəzərdə tutulur.

 

M.Kalankatuklunun sonrakı məlumatına görə, Yelisey “Yerusəlimdən İrana yola düşür, Ermənistanın yanından ötüb, maskutların ölkəsinə gəlir və öz təbliğatına Çolada başlayır. Buradan o, Uti vilayətinə gəlir. Müqəddəs patriarx (Yelisey) Gisə gələrək burada kilsə yaradır, ona təmiz, qansız qurban gətirir. Bura, biz Şərq sakinlərinin kilsələrinin əsası qoyulduğu yer, ilk mənəvi mərkəzimiz, ziya aldığımız ilk məkandır”.

 

Göründüyü kimi, mənbədə müqəddəs Yeliseyin keçdiyi yol çox dəqiq təsvir edilmişdir; o, Yerusəlimdən, İrandan və görünür ki, Adurbadaqandan keçərək, Ermənistana daxil olmadan, onun yanından ötmüş, Xəzər dənizinin qərb sahilinə çıxmışdır. Məlum olduğu kimi, mətndə adları çəkilən Çola Albaniyanın şimal-şərq ucqarında, Gis ölkənin şimal-qərb ucqarında, yəni Kürün sol sahilində, Uti isə Kürün sağ sahilində yerləşirdi. Yeliseyin sağ sahil Albaniyasında da təbliğat aparması mətnin başqa yerlərindən olan məlumatla təsdiq olunur: “Bizim ziyalanmağımızın əvvəl səbəbi Yeliseydən olmuşdur. O, üç ölkənin - Çolanın, Lpinanın və həyatının əzabla başa yetdiyi Albaniyanın ilk maarifçisi idi”... Xristian ədəbiyyatında, xristian ənənəsində Yelisey yalnız Faddeyin şagirdi kimi deyil, həm də peyğəmbər kimi tanınır.

 

Xristianlığın Albaniyada daha erkən yayılmasını yerli mənbə olan “Alban tarixi” əsərində erməni katolikosu Avraamın albanlara ünvanlanmış məktubu sübut edir: “Bizimkindən əzəli olan alban patriarxı taxtı əvvəllər bizimlə (ermənilərlə) həmfikir idi”. Başqa bir yerdə deyilir: “Yelisey orada (Albaniyada) təbliğat apardı və Ermənistandan əvvəl orada (Albaniyada) Gis kəndində kilsə tikdirdi. Bu kilsə Şərq kilsələrinin anası - metropoliya idi”.

 

Etnik rəngarənglik, politeizmin hökmranlığı yeni ideologiyanın, monoteist din olan xristianlığın mənimsənilməsi üçün əlverişli zəmin yaratdı. Təsadüfi deyil ki, Yelisey öz təbliğatına Albaniyanın etnik baxımdan daha rəngarəng olan şimal hissəsindəki Çola vilayətindən başladı. Araşdırmalar göstərir ki, “ilk çağlar sürətlə yayılan xristianlıq Parfiya hökmranlığı dövründə Şərqdə böyük uğurlar qazandı, lakin III əsrdə hakimiyyət başına gəlmiş Sasanilər sülaləsinin düşmənçilik siyasəti iki əsrin nəticələrini heçə endirdi”. Məhz buna görə I-III əsrlərdə (birinci mərhələdə) Albaniyada xristianlığın təntənəsindən heç bir söhbət gedə bilməz. Xristian dini ölkədə yalnız IV əsrdə vətəndaşlıq hüququ qazana bildi. İkinci “yunanpərəst” mərhələ, yəni xristianlığın dövlət dininə çevrilməsi, bütün Cənubi Qafqaz ölkələri üçün ümumi idi. Bu mərhələ maarifçi Qriqorinin adı ilə bağlı olsa da xristianlığın Albaniyada təntənəsi üçün alban hökmdarı Urnayrın göstərdiyi fəaliyyət də xüsusi qeyd edilməlidir.

 

Beləliklə, 313-cü ildə Urnayr xristianlığı dövlət dini elan etdi. Mənşəcə Arşakilərdən olan Urnayrın (həmçinin varislərinin) xristianlığı qəbul etmələri, əlbəttə, onların daxili inamları və ya xristianlığa olan meyillərindən daha çox siyasi mülahizələrlə bağlı idi. Monoteist din olan xristianlığın köməyilə Urnayr çoxmillətli alban dövlətini birləşdirmək və Sasanilərə qarşı durmaq niyyətində idi.

 

Bununla yanaşı, IV əsrin əvvəlində dövlət dini elan edilən, hökmdar, saray adamları, feodal əyanlar tərəfindən qəbul edilən, əhali arasında təbliğ edilən xristianlıq ümumxalq dininə çevrilib hər yerdə yayılmadı. Əhali arasında əsası təbiət qüvvələrinə sitayişlə qoyulan qədim yerli dinlərə, manilik ehkamlarına, Sasanilərin tətbiq etdikləri müxtəlif zərdüştilik təriqətlərinə inam hələ də yaşayırdı. Xristianlığın yayılması və qərarlaşmasında təkmilləşdirilmiş alban əlifbasının və alban yazısının yaranması, məktəblərin təşkil edilməsi, Bibliyanın və başqa dini ədəbiyyatın siryani və yunan dillərindən alban dilinə tərcüməsi böyük rol oynadı.

 

Alban Arşaki hökmdarlarının fəaliyyəti nəticəsində yeni feodal cəmiyyətinin ideoloji əsası olan xristianlıq Albaniyanın ictimai-siyasi və sosial həyatında mühüm rol oynamağa başladı. Bütpərəst məbədlərin əksər torpaq sahələri və sərvəti kilsənin ixtiyarına keçdi. Kilsə xeyrinə əhalinin bütün kənd təsərrüfatı gəlirlərinin 1/10 hissəsini təşkil edən “kilsə onda biri” tutulurdu. Bundan başqa çoxsaylı natural vergilər və könüllü nəzirlər də verilirdi. Din xadimləri öz xidmətləri müqabilində torpaq sahələri - xostaklarla təmin olunurdular.

 

Alban hökmdarları alban kilsəsinə, alban xristian ruhanilərinə böyük qayğı göstərir, onlara imtiyazlar verir, onları dünyəvi əyanlarla (azatlarla) bərabərləşdirməyə çalışırdılar; məhz buna görə saray məhkəməsi ilə yanaşı, kilsə məhkəməsi təsis edilmişdi.

 

Xristianlığın ilkin çağlarında alban ruhaniliyinin tam formalaşmadığı bir dövrdə alban kilsəsi də iyerarxik baxımdan bilavasitə yunan imperiya kilsəsindən asılı idi, lakin bu asılılıq formal xarakter daşıyırdı.

 

Yerli mənbənin məlumatına görə, IV əsrin əvvəllərində maarifçi Qriqori yepiskop rütbəsinə təsdiq edilmişdi. Romadan onunla birlikdə yepiskop rütbəsinə layiq görülmüş daha bir “müqəddəs ər” gəlmiş və həmin adam alban hökmdarı Urnayrla birlikdə alban kilsəsinə başçılıq etmək üçün Albaniyaya yola düşmüşdü. “...müqəddəs Qriqoriyə qədər ilk alban katolikosları Yerusəlimdə təsdiq edilirdilər”.

 

Alban kilsəsinin faktiki vəziyyəti 451-ci ildə Xalkidonda çağırılmış IV ümumdünya kilsə məclisindən sonra hüquqi cəhətdən qanuniləşdirildi. Məhz bu zaman xristian dünyasının Qərb və Şərq kilsələri arasında mübarizə başlandı. Bu dövrdə alban kilsəsi Qafqazın digər kilsələri ilə birlikdə Xalkidonda gedən ehkamçı mübahisələrə öz münasibətini açıqlaya bilmədi, belə ki, həmin vaxt onun başı Zərdüşt dini ilə mübarizəyə qarışmışdı. 551-ci ildə Dvində keçirilən məclisdə alban kilsəsi Bizans imperiya kilsəsi ilə əlaqələri kəsdi və hüquqi cəhətdən avtokefal (müstəqil) kilsəyə çevrildi. O dövrdən etibarən alban kilsəsinin başçısı hüquqi olaraq katolikos (arxiyepiskop, patriarx) adlanmağa başladı. Faktiki olaraq o, xeyli əvvəldən bu titula sahib idi.

 

Alban katolikosluğunun patriarxları 551-ci ildən “Albaniya, Lpina və Çola katolikosu” titulunu daşıyırdılar. IV əsrdə alban kilsəsinin mərkəzi paytaxt-şəhər Qəbələ, VI əsrdən isə yeni tikilmiş paytaxt Bərdə oldu. Alban kilsəsinin müstəqilliyinin bərqərar edilməsində, dini ayin və mərasimlərin möhkəmləndirilməsində, qeyri-xristian inam qalıqlarının məhv edilməsində, albanların kilsə qarşısında maddi və dini öhdəliklərinin qanuniləşdirilməsində alban hökmdarı III Vaçaqanın 498-ci ildə keçirdiyi Aquen məclisinin qərarları həlledici rol oynadı. Qafqaz Albaniyası ərazisinin ərəb xilafətinin tərkibinə daxil edilməsi (VII-IX əsrlər), 705-ci ildə Albaniya dövlətinin süqutu alban kilsəsinin vəziyyətini daha da məhdudlaşdırdı. Bundan istifadə edən erməni-qriqoryan kilsəsi geniş təzyiqlərə başlamışdı.

 

XII əsrin sonları - XIII əsrin əvvəllərində Arsax-Xaçın knyazlığının meydana gəlməsi alban kilsəsinin tarixində mühüm rol oynamış və Qanzasar monastırı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biri kimi alban kilsəsinin mərkəzi olmuşdu. Xocavənd rayonunun Vəng (Çinarlı) kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış monastırın divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə XIII əsrdə Böyük Həsənin nəvəsi tərəfindən inşa edilmişdir. Həsən Cəlalın nəslindən olan alban din xadimləri bu monastır kompleksinin ərazisində dəfn olunmuşlar. Uzun müddət Alban xristianlarının iqamətgahı olmuş monastır dinin baş xəzinəsi mənasında Gəncəsər adlanmışdır.

 

İmperator I Nikolayın 11 mart 1836-cı il Fərmanına əsasən alban kilsəsi erməni-qriqoryan kilsəsinin idarəçiliyinə verilərək fəaliyyəti tam dayandırılmşdır. 1836-cı ildən başlayaraq erməni kilsəsi alban mədəni irsinə yiyələnmək məqsədilə alban ədəbiyyatını erməni dilinə çevirir və onu erməni tarixinə uyğun formada redaktə edir.

 

Nəhayət, erməni-qriqoryan kilsəsinin Azərbaycan xalqına və onun mədəniyyətinə qarşı dini-siyasi fəaliyyətinin böyük bir mərhələsi başa çatdı. Tarixi Qafqaz Albaniyası ərazisində olan abidələrimiz, kilsələrimiz, mədəniyyət ocaqlarımız Ali Baş Komandanın, rəşadətli Azərbaycan Ordusunun gücü sayəsində yenidən xalqımıza qaytarıldı.

 

AZƏRTAC