Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-10 11:53:00
Təhsil Nazirliyinin qərarı müsbət qarşılanır  

Sentyabrın 7-də təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən brifinqdə 2021-2022-ci tədris ilində tədrisin təşkili ilə bağlı məsələlərə aydınlıq gətirilib. İctimaiyyətin maraqla izlədiyi brifinqdə təhsil naziri Emin Əmrullayev ölkəmizin bütün təhsil müəssisələrində tədrisin ənənəvi şəkildə, mərhələli təşkil olunacağını açıqlayıb. Qeyd edilib ki, ümumi təhsil müəssisələrinin I-IV sinifləri üzrə sentyabrın 22-dən, ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə  isə dərslər sentyabrın 29-dan ənənəvi şəkildə başlanılacaq. Nazir eyni zamanda, sentyabrın 29-dan məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində də tədrisin ənənəvi şəkildə keçiriləcəyini bildirib.

 

Ölkəmizdə ənənəvi tədrisin yenidən bərpa olunması ictimaiyyət tərəfindən böyük sevinc və rəğbətlə qarşılanıb. Milli Məclisin deputatları, ölkəmizin tanınmış simaları da tədrisin ənənəvi şəkildə bərpa olunmasına öz münasibətlərini bildirib.

 

Milli Məclisin deputatı Vahid Əhmədov Təhsil Nazirliyinin verdiyi qərarı təqdirəlayiq hesab edir. Millət vəkili xeyli müddətdir davam edən pandemiyanın bütün sahələrdə olduğu kimi təhsil sahəsinə də böyük zərər verdiyini sözlərinə əlavə edib: “Təbii ki,biz bütün ölkələrdə olduğu kimi məcburiyyətdən distant təhsilə keçdik. Lakin hər birimizə məlumdur ki, distant təhsil heç bir halda ənənəvi tədrisi əvəz edə bilməz. Ənənəvi tədrisin bərpa olunmasını çox yüksək hal kimi qiymətləndirirəm. Burada bir məsələni də diqqətə almaq lazımdır ki, hələ pandemiya davam edir. Bu baxımdan pandemiya ilə bağlı müəyyən edilmiş qaydalara ciddi riayət edilməlidir. İnanıram ki, Təhsil Nazirliyi bu işlərin öhdəsindən gələcək”.

 

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı da bildirib ki, bütün çətinliklərə baxmayaraq, məktəblərin açıq olmasının tərəfdarıdır. Məktəblərdə ənənəvi şəkildə tədrisin aparılmasının, tədris prosesində canlı ünsiyyətin qurulmasının vacibliyini qeyd edən Sabir Rüstəmxanlı verilən qərardan məmnunluq hissi keçirdiyini diqqətə çatdırıb: “Unutmayaq ki, məktəb təkcə təlim müəssisəsi deyil, eyni zamanda həm də tərbiyə müəssisəsidir. Şagirdlərin cəmiyyətə adaptasiyası da məhz məktəbdə formalaşır. Bu kimi digər məsələləri də nəzərə alsaq, görərik ki, ənənəvi tədris olduqca əhəmiyyətlidir. Məktəblərimizin açılması bu baxımdan məni çox sevindirir. Fürsətdən istifadə edib verilən qərara görə Təhsil Nazirliyinə təşəkkürümü bildirirəm. Təhsil ictimaiyyətini bu münasibətlə təbrik edirəm”.

 

Azərbaycan Milli Konservatoriyasının professoru, Xalq artisti Mənsum İbrahimov da Təhsil Nazirliyinin ənənəvi tədrisin bərpası ilə bağlı verdiyi qərarı sevinc hissi ilə qarşıladığını bildirib: “Yeni tədris ilinin ənənəvi şəkildə təşkil olunacağı ilə bağlı qərar hamı kimi məni də sevindirdi. Milli Konservatoriyanın bir müəllimi, professoru kimi pandemiya dövründə keçirilən distant tədris zamanı xeyli çətinliklərlə üzləşdik. Təbii ki, bu, dünyada gedən bir prosesdir, təkcə bizim ölkəyə aid deyil. Dünyanı bürüyən ümumi bir bəladır. Dövlətimiz də insanların sağlamlığını hər şeydən vacib hesab edir. Müəllim-şagird ünsiyyəti, təmas tədrisdə ən əhəmiyyətli amillərdən biridir. Etiraf edək ki, distant təhsil zamanı bu kimi amillər tədrisin keyfiyyətinə birbaşa mənfi təsir göstərir”. Xalq artisti Mənsum İbrahimov pandemiya ilə bağlı qaydalara ciddi riayət edilməsinin vacibliyindən də söz açıb. Təhsil işçilərinin böyük bir qisminin vaksinasiya olduğunu təqdirəlayiq hal kimi qiymətləndirib.

 

Niyazi RƏHİMOV

Azərbaycan müəllimi