Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-08 13:13:00
Qarabağın bölgələrindən olan şagirdlər üçün “Təhsil avtobusu – Qayıdış” layihəsi davam edir  

“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində Qarabağın bölgələrindən olan şagirdlər üçün “Təhsil avtobusu – Qayıdış” layihəsi davam edir.

 

AzEdu.az xəbər verir ki, layihənin məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə olan marağının artmasına şərait yaratmaq və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.

 

Layihə çərçivəsində, işğaldan azad olunan bölgələrin (Şuşa, Ağdam, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli) şagirdlərinin yaşadığı və təhsil aldığı rayonların marşrutu üzrə (Bakı-Sumqayıt-Sabirabad-Ağcabədi-Bərdə-Gəncə-Oğuz-Bakı) səfər təşkil olunur. Layihə 192-dən çox şagirdi əhatə edir.

 

Sentyabrın 14-dək davam edəcək layihə çərçivəsində orta göstəriciləri zəif və orta olan 6-9-cu sinif şagirdləri üçün Qarabağ mövzuları əsasında dərslər, peşə, sosial sahibkarlıq, natiqlik, sağlamlıq, incəsənət, motivasiya istiqamətində təlimlər təşkil olunacaq. Onlar intellektual yarışlarda iştirak edəcəklər.

 

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.

 

“Təhsil avtobusu – Qayıdış” layihəsi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat”, “Qarabağa dönüş” ictimai birliklərinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi, Azərbaycan Skautlar Assosiasiyası, “SABAH” qrupları, “Bir” tələbə-könüllü proqramı, Vitam Reklam, “Asmart” yaradıcılıq mərkəzi, “Kids Inc” proqramı, “Edumap” Təhsil Portalı, “Spatrix”, Azərbaycan İntellektual Klublar Assosiasiyasının tərəfdaşlığı ilə baş tutacaq.

 

Qeyd edək ki, “Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün öyrət” təhsil proqramının respublikamızın müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. 2016, 2017, 2018, 2019-cu illərdə keçirilən “Təhsil avtobusu” yay məktəbi nəticəsində 8 min 500 km yol qət edilib. Bakı və 17 bölgənin 32 şəhər və 75 kənd-qəsəbə məktəbi, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 750-dən çox şagird və tələbəsi cəlb olunub. Təlimçi və ekspertlər tərəfindən 250 akademik saatdan çox təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.