Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-25 17:00:00
2020-ci ildə ali məktəblərə qəbul olmuş subbakalavrlar haqqında statistik məlumatlar açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olmuş subbakalavrlar haqqında bəzi statistik məlumatları açıqlayıb.

 

AzEdu.az xəbər verir ki, 2020-ci ildə ali təhsil müəssisələrinə 5179 subbakalavr qəbul olub və onların 15.22 faizi dövlət sifarişi üzrə, 84.78 faizi isə ödənişli əsaslarla ayrılan yerlərə qəbul olub. Subbakalavrların 67.08 faizi (3474 nəfər) dövlət, 32.92 faizi (1705 nəfər) özəl ali təhsil müəssisələrinə qəbul olub. Subbakalavrların böyük əksəriyyəti (93.20 faizi) I və II qrup ixtisaslarına qəbul olub. Dövlət sifarişi üzrə qəbul olanlar arasında bu qrupların payı 79.06 faiz, ödənişli əsaslarla qəbul olanlar arasında isə 95.74 faizdir.

 

Subbakalavrların böyük hissəsi iqtisadiyyat (611 nəfər), maliyyə (526 nəfər), mühasibat (519 nəfər), turizm işinin təşkili (445 nəfər), marketinq (299 nəfər), menecment (286 nəfər), informasiya texnologiyaları (164 nəfər), maşın mühəndisliyi (162 nəfər), dövlət və bələdiyyə idarəetməsi (150 nəfər), kompüter mühəndisliyi (144 nəfər) və nəqliyyat mühəndisliyi (136 nəfər) ixtisaslarına qəbul olub. Bu ixtisaslara qəbul olan subbakalavrlar bütövlükdə ali təhsil müəssisələrinə qəbul olan subbakalavrların 66.46 faizini təşkil edir. Onların 11.56 faizi (398 nəfər) dövlət sifarişi üzrə, 88.44 faizi (3044 nəfər) ödənişli əsaslarla ayrılan yerlərə qəbul olub.

 

Müsabiqə zamanı bir yerə bir neçə subbakalavr iddia etdiyi hallarda onların diplom ballarının orta göstəricisi əsas götürülüb və bu göstəricisi digərlərindən yüksək olan subbakalavr həmin yerə yerləşdirilib. Ali təhsil müəssisələrinə qəbul olan subbakalavrların orta diplom balı 76-ya bərabər olub. Bu göstəriciləri aşağı olan subbakalavrlar əsasən populyar musiqi və caz ifaçılığı (orta diplom balı 56.000 bal), mədən mühəndisliyi (65.995 bal), cihaz mühəndisliyi (66.716 bal), informasiya təhlükəsizliyi (67.187 bal) və mexanika mühəndisliyi (67.287 bal) ixtisaslarına, yüksək olan subbakalavrlar isə əsasən statistika (95.470 bal), sosial iş (93.150 bal), aqronomluq (91.791 bal), biologiya (90.340 bal) və biotexnologiya (89.642 bal) ixtisaslarına qəbul olub.

İxtisas qrupu, ərizələrin sayı və qəbul olanların sayına (2019-2020) dair cədvəl DİM-in saytında yerləşdirilib.