Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-12 14:39:00
ÜST COVID-19-a qarşı üç preparatın klinik sınaqlarına başlanıldığını açıqlayıb  

"Həmrəylik üstə gəl" – koronavirus infeksiyasının ağır formalarının müalicəsi üçün preparatların beynəlxalq klinik sınaqlarının üçüncü mərhələsi belə adlanır. Tədqiqat 52 ölkədə yerləşən 600 xəstəxanada eyni vaxtda həyata keçirilir. Belə bir geniş vüsət sınaq müddətini azaltmağa və nəticələri daha tez zamanda əldə etməyə imkan verir.

 

AzEdu.az xəbər verir ki, üçüncü mərhələnin başlandığını Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri doktor Tedros Qebreyesus Cenevrədə keçirilən brifinqdə elan edib. Ekspertlər qrupu sınaqlar üçün üç dərman seçib: həmçinin malyariyaya qarşı istifadə edilən artesunat, bəzi xərçəng xəstəliyi növlərinin müalicəsində də istifadə edilən imatinib və immun sistemi xəstəliklərinin müalicəsində istifadə olunan infliksimab.

 

Əvvəlki sınaqlarda, alimlər artıq məlum olan digər dörd dərmanın effektivliyini araşdıraraq, remdesevir, hidroksixloroxin, lopinavir və interferonun COVID-19 xəstələrinin müalicəsində praktiki olaraq yararsız olduğunu aşkar etmişdilər.

Doktor Tedros Qebreyesus, yeni araşdırmanı elan edərkən, qarşıdakı sınaqlarda iştirak edənlərə - hökumətlərə, xəstəxanalara, alimlərə və xəstələrə təşəkkür edib. ÜST rəhbəri dərmanları pulsuz təqdim edən Ipca, Novartis və Johnson & Johnson şirkətlərinə xüsusi minnətdarlığını bildirib.

ÜST nümayəndəsi Mariya Van Kerkhovun sözlərinə görə, “delta” variantı bu gün ÜST himayəsi altında çalışan alimlərin ixtiyarına keçən ardıcıl genom nümunələrinin 90 faizini təşkil edir.

"Koronavirusun dövriyyəsini izləmək çox vacibdir", - deyə o qeyd edib. - Məsələn, ABŞ-da "yota" variantı yayılmışdı, lakin indi onun dövriyyəsi azalır, "delta" isə artır. Yəni, görünür ki, "delta" yayılma nöqteyi-nəzərdən "yota" ilə rəqabət aparır".

Hazırda ÜST ekspertləri Rusiyanın “Sputnik V” koronavirus əleyhinə peyvəndi ilə bağlı hüquqi prosedurlar həyata keçirirlər. Jurnalistin sualını cavablandıraraq, ÜST nümayəndəsi Mariancela Simao, qiymətləndirmənin bitmə tarixinin hələ məlum olmadığını bildirib.

"Lakin bizim yaxşı xəbərimiz var", - deyə o, əlavə edib. "İyul ayında Hindistanın Bharat peyvəndinin qiymətləndirilməsinə başladıq və çox inkişaf etmiş bir mərhələdəyik, sentyabrın əvvəli və ya ortalarında qiymətləndirmənin tamamlanması gözlənilir".