Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-21 13:04:00
"700 bal toplayan abituriyentlərin sayının kəskin artması müsabiqə şərtlərini ciddi şəkildə dəyişə bilər”-Ekspert

“Son 2 il ərzində maksimum nəticə - 700 bal toplayan abituriyentlərin sayı artıb. Əgər 2015 - ci ilə qədər bütün ixtisas qrupları üzrə ümumilikdə bu say  4-6 - nəfər arasında dəyişirdisə, 2017 - ci ildə bu rəqəm 10-a çatdı ki, bu da əvvəlki illərlə müqayisədə rekord göstərici idi”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.Onun sözlərinə görə,  cari ildə hələ qəbul imtahanları başa çatmamış, 700 bal toplayan abituriyentlərin sayı 28 - ə çatıb:

“Əlbəttə ki, bu ilk baxışda irəliləyiş, artım kimi qəbul oluna bilər. Düşünürəm ki, bu il yüksək nəticə əldə edən şəxslərin sayının artması qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının əvvəlki illərlə müqayisədə daha asan olması ilə əlaqədardır. Bundan başqa istifadə olunan test tapşırıqları bütün ictimaiyyətə təqdim olunmuş test bankı, sinif testlərində olan tapşırıqlardır ki, bunlar da hazırlıqlı abituriyentlərin işlədiyi suallardır. Məhz bu amil yüksək nəticə əldə edən abituriyentlərin sayına təsir göstərib”.

Ekspertin sözlərinə görə, artıq DİM - in fənlər üzrə test bankları şagirdlər tərəfindən tam şəkildə mənimsənilib:

“Bu halın 26 iyul II və III ixtisas qruplarının imtahanlarında da baş verəcəyini düşünmürəm. Çünki yüksək bal toplayan abituriyentlərin sayının kəskin artması müsabiqə şərtlərini ciddi şəkildə dəyişə bilər. Bu da 600-650 bal toplayanların istədikləri ixtisaslara qəbul ola bilməməsi ilə nəticələnə bilər. Sayın kəskin şəkildə artması 500-650 bal arasında nəticə göstərənlərdə də ciddi şəkildə narahatlıq yarada bilər. Onlar 2017 - ci ildə formalaşmış keçid balı ilə ixtisas seçimi edəcəklər.  Bu il isə nəticələr keçən ildən yuxarı olduğuna görə, ortaya belə hallar çıxacaq”.

Qeyd edək ki, iyulun 18-də keçirilən imtahanlarda I ixtisas qrupu üzrə 11, IV qrupda isə 4 nəfər maksimum nəticə əldə edib.