Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-20 12:16:00
Bu universitetlərə qəbul olunmaq üçün xüsusi prosedurlardan keçmək lazımdır – DİQQƏTLİ OLUN!  

18 iyuldan etibarən, ali məktəblərə yay qəbul imtahanlarına start verilib. Bütün qruplar üzrə ixtisas seçimi 30 iyul-13 avqust tarixlərində aparılacaq. 

Qabiliyyət tələb edən ixtisaslarla yanaşı, bəzi ali təhsil müəssisələrinə qəbul olunmaq üçün xüsusi prosedurlardan keçmək tələb olunur.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin rəsmi saytına istinadən xüsusi prosedur tələb edən universitet və ixtisasları diqqətə çatdırır:

Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil almaq istəyən abituriyentlər  elektron ərizələrini təsdiq etməklə (etdirməklə) yanaşı, müvafiq ali təhsil müəssisələrinin müəyyən etdikləri xüsusi prosedurlardan keçməlidirlər.

Dövlət Gömrük Komitəsinin Akademiyasında təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.

Milli Aviasiya Akademiyasının I qrup ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər. Akademiyanın “Uçuş mühəndisliyi” ixtisasına 23 yaşına çatmamış kişi cinsli abituriyentlər, “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi” ixtisasına isə 23 yaşına çatmamış həm kişi, həm də qadın cinsli abituriyentlər ərizə verə bilərlər.

Milli Aviasiya Akademiyasının “Uçuş mühəndisliyi” və “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi” ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini təsdiq etdikdən sonra Milli Aviasiya Akademiyasında xüsusi tibbi və psixoloji müayinədən keçməlidirlər. Bu ixtisaslarda təhsil almaq istəyən abituriyentlər xüsusi tibbi müayinədən əlavə, “Psixofizioloji peşə seçimi”, “Fiziki hazırlıq” üzrə xüsusi qabiliyyət müsabiqələrindən keçməlidirlər.

“ADA” Universitetində təhsil almaq istəyən abituriyentlər “Abituriyentin elektron ərizəsi” forması ilə yanaşı, “ADA” Universitetinin də elektron ərizə formasını universitet tərəfindən müəyyən olunmuş qaydada doldurmalıdırlar. “ADA” Universitetinin I qrupa daxil olan ixtisasları üzrə müsabiqəyə ümumi balı 300-dən, II və III qruplara daxil olan ixtisasları üzrə müsabiqəyə isə 400-dən az olmayan abituriyentlər buraxılırlar. “ADA” Universitetinin ixtisaslarının müsabiqəsinə beynəlxalq SAT imtahanı üzrə ən azı 1200 bal toplayan (esse tələb olunmur) və IELTS Academic üzrə minimum 6.0 və ya IBT üzrə minimum 75 balı olan abituriyentlər də buraxılacaqlar. “Biznesin idarə edilməsi”,“İqtisadiyyat”, “Kompüter elmləri”, “Kompüter mühəndisliyi” və “İnformasiya texnologiyaları” ixtisaslarına müraciət edən abituriyentlərin SAT imtahanından “Riyaziyyat” bölməsi üzrə ən azı 600 bal toplamaları tələb olunur. Qeyd olunan şərtləri ödəyən abituriyentlər “Abituriyentin elektronərizəsi” formasını təsdiq etməklə yanaşı, 2018-ci il iyunun 15-dək SAT və IELTS Academic (və yaxud IBT) imtahanlarının nəticələrini DİM-ə (elektron və kağız formada) və “ADA” Universitetinə (elektron formada) təqdim etməli idilər.

Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, “Dəniz naviqasiyası mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini təsdiq etdikdən sonra 2018-ci il aprelin 1-dən avqustun 3-dək “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Dənizçilər poliklinikası”nda xüsusi tibbi və psixoloji müayinədən keçməlidirlər.

Azərbaycan Tibb Universitetinin “Hərbi həkim işi” ixtisası üzrə 15.09.2018-ci il tarixinədək 16 yaşı tamam olan, lakin 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları təhsil ala bilərlər. Bu ixtisas üzrə təhsil almaq istəyən abituriyentlər 1-ci bənddə göstərilən müddətdə və qaydada electron ərizələrini təsdiq etdikdən (etdirdikdən) sonra 2018-ci il aprelin 1-dən etibarən Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi rəisinin adına ərizə ilə müraciət etməli, sonra hərbi tibb fakültəsində hərbi həkim komissiyasından keçməlidirlər.

Naxçıvan Muxtar Respublikasında yaşayanlar ərizələrini Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə təqdim edib, həmin təhsil müəssisəsində hərbi həkim komissiyasından keçməlidirlər.

Bakı İslam Universitetinin “Dinşünaslıq” və Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər III ixtisas qrupu üzrə qəbul imtahanında ən azı müvafiq olaraq, 100 və 200 bal topladıqları halda, imtahan nəticələri elan olunduqdan sonra 2018-ci il iyulun 29-dan 31- dək eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində müvafiq bölməyə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidir.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə Bakı İslam Universitetinin “Dinşünaslıq” və Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisaslarının biri üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.

Qeydiyyatdan keçən abituriyentlər qeydiyyatdan keçdiyi ixtisasa uyğun olaraq, Bakı İslam Universiteti və (və ya) Azərbaycan İlahiyyat İnstitutunda yaradılan dini-psixoloji komissiyalar tərəfindən aparılan qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanının proqramı jurnalın 21-ci səhifəsində verilmişdir. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, uğurla keçdiyi qabiliyyət imtahanına uyğun olaraq, Bakı İslam Universitetinin “Dinşünaslıq” və (və ya) Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisaslarını da seçə bilərlər.

Xəzər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili)”, “Filologiya (ingilis dili və ədəbiyyatı)” və “Tərcümə (ingilis dili)” ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər. Qəbul imtahanları Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Göyçay, Mingəçevir və Bərdə şəhərlərində keçirilir.

Azərbaycan Dillər Universitetində təhsil almaq istəyən abituriyentlərin imtahan verəcəyi xarici dil seçiminə müəyyən məhdudiyyətlər qoyulur.

Filologiya (Azərbaycan dili və ədəbiyyatı) və Beynəlxalq münasibətlər ixtisaslarını seçən abituriyentlərin xarici dil seçiminə heç bir məhdudiyyət qoyulmur.

Xarici dil müəllimliyi (alman dili), Dil və ədəbiyyat müəllimliyi (alman dili və ədəbiyyatı müəllimliyi), Regionşünaslıq (Almaniya üzrə), Filologiya (alman dili və ədəbiyyatı) ixtisaslarına qəbul olmaq istəyənlər qəbul imtahanında xarici dil kimi alman və ya ingilis dilini seçməlidirlər.

Xarici dil müəllimliyi (fransız dili), Dil və ədəbiyyat müəllimliyi (fransız dili və ədəbiyyatı müəllimliyi), Regionşünaslıq (Fransa üzrə),Filologiya (fransız dili və ədəbiyyatı) ixtisaslarına qəbul olunmaq istəyənlər qəbul imtahanında fransız və ya ingilis dilindən imtahan verməlidirlər. Ərəb ölkələri üzrə regionşünaslıq ixtisasına ərəb dili, Alman dili üzrə tərcüməçilik ixtisasına alman dili, Fransız dili üzrə tərcüməçilik ixtisasına fransız dili və digər ixtisaslara ingilis dili xarici dil olaraq seçilməlidir.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları