Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-12 11:11:00
Töhmət alan direktorlar, işdən çıxarılan müdir, MİQ gərginliyi  – Həftənin təhsil icmalı

 

 

 

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

 

Yola saldığımız həftədə 5-11 iyulda təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

 

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə  start verilib:

 

 

İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilib.

 

 

Təhsil Nazirliyindən verilən məlumata görə, mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir.

 

 

Bu il ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsi bir dəfə keçiriləcək:

 

 

Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən bu il I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin bir dəfə keçirilməsi ilə bağlı qərar qəbul olunub.

 

 

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə verən abituriyentlər III ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə iyulun 15-də , I və IV ixtisas qrupları üzrə isə 27-28 iyul tarixlərində keçiriləcək imtahanlarda iştirak etməlidirlər.

 

 

68 məktəbdə qayda pozuntuları aşkarlanıb, bir neçə direktora töhmət verilib:

 

 

26 may-9 iyun tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin koordinatorluğu ilə Bakı, Abşeron, Sumqayıt, Gəncə və Şəki ərazisində yerləşən 137 məktəbdə monitorinq aparılıb.

 

 

Monitorinq nəticəsində yoxlama aparılmış 68 dövlət məktəbində müxtəlif sayda qayda pozuntuları aşkar edilib. Qayda pozuntuları aşkar edilmiş ümumi təhsil müəssisələrinin rəhbərləri ilə bağlı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdıqlarına görə müvafiq qaydada intizam tədbirləri görülüb. Belə ki, 1 məktəb rəhbərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 5-nə töhmət verilib, 62-nə isə xəbərdarlıq edilib.

 

 

Emin Əmrullayev vəzifəli şəxsi işdən çıxarıb:

 

 

Gədəbəy Rayon Təhsil Şöbəsinin  müdiri  Murad Bayramov işdən çıxarılıb.

 

 

Bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

 

 

Müəllimlərin əməkhaqqının hesablanması üçün onlayn kalkulyator xidməti yenilənib:

 

 

Təhsil Nazirliyindən bildirilib ki, bunun üçün nazirliyin rəsmi internet səhifəsinin “Onlayn kalkulyator” keçidinə daxil olmaq lazımdır. Onlayn kalkulyator xidməti vasitəsilə ümumi təhsil müəssisələrində çalışan bütün müəllimlər əməkhaqqını hesablaya biləcəklər.

 

 

Ağsu rayon Təhsil Şöbəsində kadr dəyişikliyi olub:

 

 

Müvafiq əmrlə rayon təhsil şöbəsinin müdiri Aqil Həsənov vəzifəsindən azad edilib.

 

 

Tələbələrin köçürülmə qaydaları açıqlanıb:

 

 

Transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək sənəd qəbulu iyulun 26-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

 

 

Lisey və gimnaziyalara seçim nəticələri açıqlanıb:

 

 

Lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanlarının seçim nəticələri açıqlanıb.

 

 

Təhsil Nazirliyindən verilən məlumata görə, valideynlər sy.edu.az portalı vasitəsilə “Şəxsi kabinet”ə daxil olaraq övladlarının seçim nəticələri ilə tanış ola bilərlər.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları