Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-09 13:27:00
Təhsil İnstitutu doktorantura və dissertanturaya qəbulu davam etdirir

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 2021-ci il üçün fəlsəfə və elmlər doktoru proqramları üzrə dissertanturaya və doktoranturaya (əyani və qiyabi) qəbulu davam etdirir. ARTİ-nin fəlsəfə və elmlər doktoru proqramları üzrə dissertanturaya və doktoranturaya qəbul olan şəxslər təhsil aldığı dövr ərzində bir sıra üstünlüklərdən faydalanacaqlar. Belə ki, proqram üzrə xarici dil və ixtisas təlimləri, həmçinin akademik yazı bacarıqlarının inkişaf etdirilməsi və tədqiqat metodologiyası üzrə də təlimlər təşkil ediləcək. Təlimlərin yerli ekspertlərlə yanaşı, xarici mütəxəssislər tərəfindən də keçirilməsi planlaşdırılıb.

 

Bu barədə AzEdu.az-a ARTİ-dən bildirilib. Qeyd olunub ki, bundan əlavə, təhsil dövrü müddətində tələbələr üçün müasir pedaqoji məsələlər, o cümlədən təhsildə innovasiyalar, təhsilin psixologiyası, ali təhsil müəssisəsi-sənaye əməkdaşlığı, müasir təhsil və əmək bazarının tələbləri kimi mövzular üzrə dəyirmi masa və müzakirələrin keçirilməsi də nəzərdə tutulub.

 

Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada "Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

 

Xarici dil imtahanını müvəffəqiyyətlə vermiş şəxslərin fəlsəfə fənni üzrə imtahanı 1, 2, 3 sentyabr, ixtisas imtahanı isə 9, 10 sentyabr tarixlərində baş tutacaq.

Qeyd edək ki, portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi iyulun 15-i saat 17:00-a qədər mümkündür.