Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-09 11:43:00
Təhsil Nazirliyi: Regionlarda vətəndaşların videoqəbulu davam etdirilir

İyulun 1-dən Təhsil Nazirliyinin strukturuna daxil olan Ərazi Maliyyə Hesablaşma Mərkəzləri tərəfindən vətəndaşların müraciət, şikayət və təkliflərinin videoqəbul formatında dinlənilməsinə başlanılıb.

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, videoqəbulun təşkilində əsas məqsəd vətəndaş xidmətlərinin təkmilləşdirilməsi və əlçatanlığının təmin edilməsidir. Videoqəbulların keçirilməsi müraciətlərin operativ həlli baxımından da önəmlidir.

Videoqəbulda iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin rəsmi internet səhifəsinin əlaqə hissəsindən “Virtual qəbul” bölməsi vasitəsilə və ya “Çağrı Mərkəzi”nin 146-1 nömrəli telefonuna zəng edərək qəbula yazıla bilərlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması səbəbindən Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi avqustun 1-dək fəaliyyətini dayandırıb. Fevralın 15-dən Təhsil Nazirliyində vətəndaşların qəbulu videoformatda təşkil edilir. Aprelin 19-dan isə mövcud pandemiya şəraiti nəzərə alınaraq regionlarda da (Bakı, Gəncə, Sumqayıt, Quba, Lənkəran) vətəndaşların qəbulu videobağlantı vasitəsilə həyata keçirilir.

Videoqəbul həyata keçirən Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinin siyahısı aşağıdakı kimidir:
- 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi (Gəncə, Naftalan, Samux, Göygöl, Goranboy, Kəlbəcər, Xocalı);
- 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi (Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli, Xocavənd);
- 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi (Şirvan, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Cəbrayıl);
- 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi (Masallı, Yardımlı, Cəlilabad);
- 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi (Lənkəran, Astara, Lerik).