Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-03 09:15:00
Azərbaycanda ali təhsil ili azaldılır: bakalavrlar 3 il, magistrlər 1 il - Ekspertlər nə deyir...  

“Ali təhsil haqqında” qanun layihəsi hazırlanıb. Layihədə bakalavriat və magistratura pillələri üzrə təhsil illərinin azaldılacağı qeyd olunur.

Təhsil ilinin azaldılmasının hansı müsbət, mənfi tərəfləri ola bilər?



AzEdu.az xəbər verir ki, ekspert və Milli Məclisin üzvü məsələni Modern.az-şərh ediblər.


Deputat Ceyhun Məmmədov bu qərarla bağlı müəyyən tərəddüdləri olduğunu bildirib:


“Xarici ölkələrdə bu cür təcrübələr var. Bir sıra Qərb dövlətlərində konkret proqram müəyyənləşdirilir və tələbə həmin proqramı mənimsəyərək, 3 ilə bakalavır təhsilini, 1 ilə isə magistraturanı bitirə bilir. Bu məsələnin Azərbaycanda effektiv olması ilə bağlı müəyyən tərəddüdlərim var. Xarici ölkələrdə tələbələr bakalavr üzrə proqramı 3 ilə mənimsəyir, magistraturanı isə 1 ilə bitirirlər. Azərbaycan təhsilinin bu proqrama keçməsi hələ ki mümkün deyil. Lakin pilot layihə kimi təhsili yüksək olan bir universitetdə sınanıla bilər”.


Deputat magistr təhsilinin 1 ilə endirilməsini tamamilə dəstəkləmədiyin qeyd edib:

“Magistratura ilə bağlı təhsil pilləsi bizdə tam mənimsənilməyib. 1 illik olması müəyyən problemlər yarada bilər. Çünki bütün proqramı 1 ilə sığışdırmaq mümkün deyil.”.


Təhsil ekspert Kamran Əsədov da fikirlərini bizimlə bölüşüb:


“Milli Məclisdə müzakirə edilən “Ali təhsil haqqında” qanun ali təhsilin keyfiyyətinin artırılması, eyni zamanda dünya təhsil sisteminə inteqrasiyasına müsbət təsir göstərəcək. Yeni qanun layihəsində bir sıra dəyişikliklər var. Onlardan biri ali təhsilin müddəti və ixtisas istiqamətləri ilə bağlıdır. Ən çox müzakirə obyektinə çevrilən məsələ ali təhsilin bakalavr pilləsinin 3 il, magistraturanın 1 il olmasıdır. Lakin bu, Azərbaycan universitetlərində qəbul həyata keçirilən ixtisasların hamısına aid deyil. Ali təhsilin proqramına uyğun olaraq peşəkar səviyyədə kadr yetişdirmək üçün bəzi hallarda 4 il çox uzun müddət olur. Müəyyən ixtisaslar var ki, onlar üzrə 4 illik təhsilə ehtiyac yoxdur. Bunlar akademik tədqiqatları, araşadırmanı əks etdirməyən texniki ixtisaslardır”.


K.Əsədov bakalavr pilləsində təhsil alan tələbələrə kifayət qədər əlavə qeyri-ixtisas fənləri keçildiyini vurğulayıb:

“Qeyri-ixtisas fənlərini azaldıb proqramdan çıxarsaq, tədris ili azaldılacaq.  Tələbələrə qeyri-ixtisas fənlərindən dərs keçməyə ehtiyac yoxdur. Daha çox oxuduğu ixtisasın yönümünə uyğun olan fənlər keçilməlidir ki, tələbənin peşəkarlığı artsın.

Təhsil pilləsinin azaldılması beynəlxalq standart təhsil təsnifatına da uyğundur. Lakin bu bütün ixtisaslara aid olmayacaq. Məsələn, musiqi, incəsənət, mədəniyyət ixtisaslarında 4 il oxumağa ehtiyac yoxdur. Hüquq, tibb, müəllimlik kimi ixtisaslar özündə akademik bilikləri əks etdirdiyi üçün bu ixtisaslar 4 illik olacaq.

 

Tədris ilinin azaldılması əmək bazarına daxil olacaq insanların peşəkarlıq səviyyəsinə yüksəldilməsinə xidmət edəcək”.