Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-30 16:08:00
Təhsil İnstitutu: Mentorlar tədqiqat mövzuları ilə bağlı məlumatlandırılıb  

Təhsil İnstitutu tərəfindən icra olunan tədqiqat mentorluq proqramına seçilən mentorlarla görüş keçirilib.

Bu barədə institutdan bildirilib. Qeyd olunub ki, görüşdə çıxış edən institutun direktoru Rüfət Əzizov proqramın icra olunmasının əsas məqsədinin ölkədə tədqiqat potensialının gücləndirilməsi, tədqiqatçılara dəstək göstərilməsi, tədqiqatçı şəbəkəsinin yaradılması və tədqiqata yanaşmanın dəyişdirilməsi olduğunu vurğulayıb. O bildirib ki, proqramın iştirakçılarına təqdim olunan tədqiqat mövzuları birbaşa təhsil sahəsinə və təhsildə islahatlara yönəlib.

Qeyd edilib ki, institutun imkanlarından ictimaiyyətin faydalanması və bu imkanların hər kəs üçün əlçatan olması əsas hədəflərdən biridir. Tədqiqatlar yekunlaşdıqdan sonra institut tərəfindən məqalələrin müxtəlif resurslarda çap olunmasına dəstək göstəriləcək.

İnstitutun strateji təhsil tədqiqatları və inkişaf layihələrinə rəhbərlik edən aparıcı elmi işçisi Könül Abaslı mentorlara təqdim olunan tədqiqat mövzuları barədə məlumat verib. O, mövzuların tədqiqi zamanı araşdırma materiallarının, zəruri məlumatların və digər alətlərin institut tərəfindən təmin olunacağını deyib. Bildirilib ki, tədqiqatların düzgün istiqamətləndirilməsi üçün mütəmadi olaraq Təhsil Nazirliyi və digər təhsil qurumlarının tövsiyələri də nəzərə alınacaq.

Sonda görüşdə iştirak edən mentorların tədqiqat mövzuları, proseslər, hesabatlar, məqalələr və digər məsələlərlə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, davamlı olaraq həyata keçirilməsi planlaşdırılan proqramda iştirak üçün 21 mentor seçilib. Proqramda iştirak edən mentorlar ümumi təhsil, peşə təhsili və ali təhsilin müxtəlif istiqamətləri üzrə tədqiqat işlərinə rəhbərlik edəcəklər.