Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-25 16:13:00
 “Azərbaycan məktəbi”nin növbəti sayı işıq üzü görüb

Təhsil Nazirliyinin elmi-nəzəri, pedaqoji jurnalı olan “Azərbaycan məktəbi”nin növbəti sayı işıq üzü görüb. Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilati dəstəyi ilə jurnalın yeni forma, məzmun və dizaynda oxuculara təqdim olunmuş 2021-ci il üçün birinci nömrəsində Azərbaycan tarixinin indiki şərəfli dönəminin yaşanmasında təhsilin önəmi xüsusi vurğulanır.

 

AzEdu.az xəbər verir ki, Azərbaycanın pedaqoji mətbuat tarixində ən uzunömürlü jurnal olan “Azərbaycan məktəbi” 97 ildir ki, fəaliyyət göstərir. Məktəb və pedaqoji fikrimizin, dilimizin, ədəbiyyatımızın, tariximizin tədqiqinə həsr olunan məqalələr ilk dəfə oxuculara məhz bu jurnal vasitəsilə çatdırılıb. Jurnal təhsil sisteminin yeniləşməsində, mütərəqqi tədris metodlarının, üsullarının təbliğində, gənc nəslin azərbaycançılıq ruhunda tərbiyə olunmasında, təlimin, tərbiyənin milli və bəşəri dəyərlər əsasında qurulmasında aparıcı rol oynayıb.

 

Bununla belə, xüsusilə son illərdə təhsil sistemində həyata keçirilən islahatların məntiqi davamı olaraq jurnalda dərc olunan məqalələrin məzmun və formaca müasir dövrün tələblərinə uyğunlaşdırılması zərurəti yaranmışdı. Bu prosesdə təhsil işçilərinin müasir standartlara, islahatın tələblərinə, məzmun və mahiyyətinə uyğun elmi-nəzəri, pedaqoji məzmunlu məqalələrlə təminatı mühüm əhəmiyyət kəsb edirdi. Ona görə də “Azərbaycan məktəbi”ndə təhsilimizin ən aktual problemlərinə, dünya təhsilinə inteqrasiyaya, nəzəri və konseptual məsələlərə aid məqalələrin dərci ilə yanaşı, təhsildə monitorinq və qiymətləndirmə, kurikulum, informasiya-kommunikasiya texnologiyalarının tədrisdə tətbiqi və onlayn təhsillə bağlı məqalələrin çap olunması zərurəti yarandı.

 

Jurnalın yeni sayında bu məram və məqsədlər nəzərə alınıb. Oxucular bu nömrədə İ.Babayevanın “Ehtiyat dərsliklərin effektivliyinin qiymətləndirilməsi”, Q.Şərifovun və L.İsmayılovanın “Ümumtəhsil məktəblərinin VII siniflərində fizika fənni üzrə onlayn tədrisin xüsusiyyətləri”, H.Şenol, F.Y.Lesinger və M.Çağların “Onlayn təhsilin müsbət və mənfi tərəfləri: COVID-19 pandemiyası dövründə ali məktəb tələbələrinin qavrayışları”, P.Əliyevin “Təhsilalanlarda kompetensiyaların strukturlaşdırılmasına və qiymətləndirilməsinə verilən tələblər”, A.Məmmədlinin “Universitetlərdə təşəbbüskarlıq fəaliyyətinin stimullaşdırılması və təşviqi”, Q.Hacıyevin “Qarabağ regionunda təhsilin inkişafı tarixindən” sərlövhəli məqalələri və s. Azərbaycan, türk, ingilis dillərində oxuya bilərlər.

 

Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi nəşrlər sırasında olan, eləcə də bir sıra beynəlxalq indekslərdə tanınan “Azərbaycan məktəbi” bu istiqamətdə imkanlarını genişləndirmək üçün fəaliyyətini davam etdirir.