Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-25 13:27:00
Vebinar: Data elmi, analitika və yeni trendlər  

Təhsil İnstitutu “Data elmi, analitika və yeni trendlər” adlı vebinar təşkil edib.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, data elminin əhəmiyyəti və təhsil sahəsində nəzərə alınmalı məqamları diqqətə çatdırmaq məqsədilə keçirilən tədbirin spikeri Ottava Universitetində Telfer Menecment Məktəbinin Menecment analitikası üzrə fəlsəfə doktoru Vüsal Babaşov olub. V.Babaşov çıxışında data elmi, onun digər elmi sahələrlə əlaqəsi, metodlar/modellər, gündəlik biznes proseslərinin həll perspektivləri, keys araşdırmaları, təhsildə gələcəyə baxış/tövsiyələr kimi mövzulara toxunub.

 

Süni intellektin tarixi, keçdiyi inkişaf yolu və maşınöyrənmə elmi haqqında ətraflı məlumat verən spiker datanın həcmi, sürəti, müxtəlifliyi və qeyri-müəyyənliyi, yeni iş trendləri barədə danışıb və beynəlxalq işaxtarma portallarının əhəmiyyətini vurğulayıb. Spiker data elminin kompüter mühəndisliyi, riyaziyyat/statistika, biznes sahəsinin ekspertizası, maşınöyrənmə, data analizi və proqramlaşdırmadan ibarət olduğunu bildirib.

 

V.Babaşov maşınöyrənmənin analitik model qurmağı avtomatlaşdıran bir data analizi metodu olduğunu qeyd edib. Bildirilib ki, analitikanın təsviri, proqnozlaşdırıcı və göstəriş əsaslı növləri formalaşıb. Analitikanın riyaziyyat, ehtimal nəzəriyyəsi, statistika, proqramlaşdırma, əməliyyatların tədqiqi, xətti və dinamik proqramlaşdırma sahələri ilə də əlaqəsi mövcuddur. Daha sonra maşınöyrənmənin modelləri, onun bizneslərə təsiri və real həyatda tətbiqi barədə məlumat verilib. O bildirib ki, maşınöyrənmə aviasiya, səhiyyə, maşınqayırma, maliyyə xidmətləri, kompüter oyunları sənayesi, ali təhsil, sığorta, istehsalat, media, qeyri-hökumət təşkilatları, satış, idman, texnologiya, telekommunikasiya və s. kimi sahələrdə tətbiq olunur. Təhsil sahəsində gələcəyə dair tövsiyələri səsləndirən spiker ibtidai və orta təhsildə erkən dövrdən data elminin tədrisinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib, iştirakçıların suallarını cavablandırıb.

 

Vebinarda 150-dən çox təhsil idarəçisi, işçi, sənaye sahəsinin nümayəndəsi və tələbə iştirak edib.