Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-23 14:52:00
Təhsil naziri: “Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayı ilə liderliyini qoruyub saxlayır” - FOTO    

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev Bakı Ali Neft Məktəbini (BANM) ziyarət edib.

SOCAR-dan verilən məlumata görə, ilk olaraq Bakı Ali Neft Məktəbinin tədris kampusuna, ali məktəbin maddi-texniki bazasına, sosial infrastrukturuna baxış keçirilib.

Nazir ali məktəbdə yaradılmış tədris şəraiti və tədqiqat mühiti ilə yaxından tanış olub. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədris şəraiti, tələbələrə yaradılan imkanlar, həyata keçirilən tədqiqat işləri barədə nazirə ətraflı məlumat verib.

 

Daha sonra BANM-in tələbə, professor-müəllim heyəti ilə görüşən nazir çoxsaylı sualları cavablandırıb. 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov son illər təhsil sahəsində aparılan islahatları yüksək qiymətləndirərək, pandemiya dönəmində də təhsilin fasiləsizliyinin yüksək səviyyədə təmin edilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Təhsil naziri Emin Əmrullayev isə çıxışında Bakı Ali Neft Məktəbində yaradılan tədris mühitindən məmnunluğunu ifadə edib.

“Burada böyük faiz nisbəti ilə təhsil almaq istəyən tələbələr üçün müasir Ali Məktəb modeli yaradılıb. İllərdir Bakı Ali Neft Məktəbi qəbul göstəriciləri, Prezident təqaüdçülərinin sayı ilə liderliyini qoruyub saxlayır. Təhsil üçün yaradılan şərait intellektual kontingentə tam uyğundur. Bu o deməkdir ki, Azərbaycanda təhsil alıb, savadlı, bacarıqlı olmaq üçün hər bir şərait yaradılıb. Tələbələrə savad, biliklə yanaşı, bacarıqların da aşılanmasının tərəfdarıyam”, - deyə nazir qeyd edib.

Nazir yerli əmək bazarında kadr potensialının gücləndirilməsi üçün Bakı Ali Neft Məktəbində yeni ixtisasların açılmasının vacibliyini vurğulayıb.

Sonda Emin Əmrullayevə Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi təqdim olunub.