Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-16 12:50:00
Müəllimlərin MİQ imtahanların ən çox yol verdiyi xətalar və onların həll üsulları – Təlimçidən məsləhətlər

“Müəllimlər MİQ imtahanlarında daha çox kurikulumla bağlı suallarda səhv edirlər” 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti, təlimçi İlkin Həsənov deyib. Onun sözlərinə görə, bu imtahanda səhv etməmək üçün maksimum dərəcədə diqqətli olmaq lazımdır: 

“Test etməyin bir neçə yolu var. İlk növbədə sualları diqqətlə oxumaq lazımdır. Bəzən, müəllimlər sualı oxumadan birbaşa  cavablara keçirlər. Bu, yanlış strategiyadır. Sualı başa düşdükdən sonra  ona cavab axtarmaq lazımdır. Bəzən, sualı yarımçıq oxuyub, cavaba keçirlər və onlardan nəyin tələb olunduğu anlamırlar. Bu da yanlışlığa səbəb olur. Eyni zamanda, cavabları, xüsusilə də bütün variantları sona qədər oxumaq lazımdır. Çünki bəzən, cavablar oxşar olur və müəllimləri çaşdırır”.

Ekspertin sözlərinə görə, hər imtahanda bir-iki dənə də olsa çaşdırıcı suala rast gəlinir:

“Onları ayırd etmək üçün  sualı mütləq səbrlə oxuyub başa düşmələri və sualın xəbər hissəsinə daha çox fikir vermələri lazımdır. Çaşdırıcı suallar əsasən, kurikulum üzrə daha çox rast gəlinir. Əgər müəllim kurikulum üzrə terminlərin mahiyyətini bilmirsə, o zaman səhv etmək ehtimalı böyükdür”.

Qeyd edək ki, bugündən etibarən müəllimlərin işə qəbulu imtahanları başlayır.  İyulun 10-dan başlayaraq elektron ərizəsi qəbul edilmiş namizədlərin şəxsi səhifələrinə müsabiqənin ikinci mərhələsinin – test imtahanının keçiriləcəyi tarix və yer barədə ətraflı məlumat göndərilib. I btidai sinif üzrə 16-19 iyul, ingilis dili üzrə 19-20 iyul, alman dili üzrə 20 iyul, riyaziyyat üzrə 23-24 iyul, informatika və təsviri incəsənət üzrə 24 iyul, Azərbaycan dili və ədəbiyyat üzrə 25-26 iyul, rus dili, rus dili və ədəbiyyatı, Azərbaycan dili, fransız dili və musiqi üzrə 26 iyul, tarix və kimya üzrə 27 iyul, fizika və texnologiya üzrə 28 iyul, biologiya üzrə 30 iyul, fiziki tərbiyə üzrə 30-31 iyul, coğrafiya üzrə 31 iyul tarixlərində test imtahanları keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları