Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-16 11:40:00
Dünya qəhrəmanı Xorvatiyanın qeyri-adi təhsili – 8 universitet, nobelçi hazırlayan şirkətlər  

Dünən Rusiyada keçirilən  futbol üzrə Dünya Çempionatının möhtəşəm  finalı baş tutdu. Həlledici oyunda  Fransa millisi Xorvatiyaya 4-2 hesabı ilə qalib gələrək, dünyanın ən güclüsü adını qazanıb. Fransa tarixinə, əhali və ərazisinə ən əsası isə təhsil sisteminə görə hər kəsə məlum olan dövlətdir.

Bəs, cəmi 4 milyon əhalisi olan Xorvatiyanın təhsil sistemi necə inkişaf edib?

AzEdu.az xarici KİV-lərə istinadən Xorvatiya təhsil sistemi haqda ümumi məlumatları diqqətə çatdırır.

Xorvatiya əhalisi sayı az olan kiçik dövlət olsa da, bu ölkənin təhsil sistemi Avropa ölkələri arasında xüsusilə fərqlənir. Xorvatiyada oxuma-yazma səviyyəsi 98% təşkil edir. Mütəxəssislər tərəfindən aparılan araşdırmalara görə, Xorvatiya öz təhsil keyfiyyəti  ilə  siyahıya daxil olan dövlətlər arasında 22-ci pillədə qərarlaşıb.

Ölkədə ibtidai təhsil 6-7 yaşlarından başlayır və 8 il davam edir. 2007-ci ildə qəbul olunan qanuna əsasən, şagirdlər 18 yaşınadək ödənişsiz əsaslarla  təhsil ala bilərlər. Məcburi təhsil  müddəti sadəcə, 8 ildir. 2010-cu ildə formalaşan statistikaya görə, ölkədə 2131 məktəb, 713 lisey var. Bu məktəblərdə şagirdlərə macar, ilalyan, çex və alman dillərində təhsil almaq şansı verilir.

Xorvatiyada eyni zamanda 131 musiqi və peşə məktəbləri,  fiziki məhdudiyyətli gənclər üçün 92 xüsusi məktəb, yetkinlik yaşına çatmış şəxslər üçün isə 74 məktəb fəaliyət göstərir. Ölkədə 19 özəl məktəb var.

Ölkədə 8 universitet var. Bunlar Zaqreb, Split, Rijeka, Osijek, Zadar, Dubrovnik, Beynalxalq Dubrovnik və Pula universitetləridir. Ölkənin ilk universiteti 1807-ci ildə yaradılan Zadar Universitetidir. 1669-cu ildə yaradılan Zaqreb Universiteti isə Cənubi Avopada təhsilə ara vermədən davam edən ən qədim universitet hesab olunur.

Xorvatiyada elmi araşdırmalar aparan və texnologiya sahəsində uğur qazanan 205 şirkət, dövlət və təhsil qurumu var. Bu qurumlar 10 mindən çox mütəxəssisə iş imkanı yaradır. Ölkə hər il xüsusi nominasiyalar üzrə Nobel mükafatçıları yetişdirir.

Avropa Birliyinə daxil olan Xorvatiyanı iqtisadi cəhətədən o qədər də inkişaf etmiş ölkə saymaq olmaz.  Ölkədə işsizlik səviyyəsi 15%-i üstələyib. Lakin burada diqqətçəkən və inkişaf edən digər məqamlardan biri də ölkədə ingilis dilində bilməyən insan sayının azlıq təşkil etməsidir.

Bir çox dövlətlərdə məktəblərin hələ ibtidai siniflərdən ingilis dilini tədris etməsinə baxmayaraq, şagirdər orta məktəbi bitirdikdən sonra ingilis dilində 2 cümləni belə normal qura bilmirlər. Xorvatiyada isə vəziyyət tamamilə fərqlidir. Ölkədə bu dildə danışa bilməyən insan sayı barmaqla sayıla biləcək qədər azdır.

Bəs xorvatlar bunu nəyə borcludurlar?

Türk müxbirin xorvatiyalı taksi sürücüsünə ünvanladığı bu sualın cavabını təqdim edirik:

“Sualın çox sadə cavabı var. Biz 4 milyon əhalisi olan kiçik ölkəyik. Məktəblərdə ibtidai təhsilimizin səviyyəsi yaxşıdır. Ancaq filmlərin dublajına xərclənəcək kifayət qədər pulumuz yoxdur. Bu səbəbdən cizgi filmlərdən tutmuş Hollivud filmlərinə qədər hər film orjinal dilində yayımlanır. Buna görə də Xorvatiyada hər kəs ingiliscə danışa bilir”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları