Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-03 17:48:00
Sədr müavininin  kənd müəllimliyi xatirəsi: “ Ən böyük “rüşvət” bu olardı”

 

 

 

Biz bilənləri bilin ki, siz bilənləri də sizdən sonrakılar bilmiş olsun.

 

Belə bir müdrik deyim var:"Zaman, daha ağıllı, yetkin və mükəmməl olmağımız üçün bizə verilən qiymətli bir hədiyyədir." Kənd həyatı ilə bağlı 5 illik müəllimlik fəaliyyətim mənə çox şey öyrədib. O vaxt ilk dəfə sinfə girəndə dərs dediyim şagirdlərlə yaş fərqimiz təkrar sinifdə saxlanılan “ikiillikləri” də nəzərə alsaq, cəmi 2-3 il idi. 1, 5 stavka dərs yükümə yarım stavka dram dərnəyinin də əlavə edilərək mənə həvalə edilməsi, bir tərəfdən də şagirdlərlə demək olar ki, həm də həmyaşıd olmağım, aramızda müəllim-şagird münasibətləri ilə yanaşı, eyni zamanda dostluq əlaqələrini də möhkəmləndirirdi.

 

Dünya və Azərbaycan klassiklərinin seçmələrindən ibarət birgə hazırladığımız səhnəciklər tez-tez kəndin mədəniyyət klubunda tamaşaya qoyulur, şagirdlərin və valideynlərin sevincinə səbəb olaraq, hər dəfə böyük coşqu ilə qarşılanırdı.

 

Dərnək, sinif rəhbərliyi və dərs saatları ilə birlikdə 240 rubl əməkhaqqı alırdım. O zamanlar bu məbləğlə 24 toyu yola vermək olurdu. Toydan söz düşmüşkən, demək olar ki, hər həftə bir toya getmək zərurəti yaranırdı. Məktəbimiz ərazidə yeganə orta məktəb olduğundan, digər ətraf kəndlərin şagirdləri də orta təhsillərinii başa vurmaq üçün işlədiyim məktəbə gəlirdilər. Bu isə 5 qonşu kəndin xeyir- şərinə qatılmaq məcburiyyəti qarşısında qalmaq demək idi. Ayda orta hesabla hər biri 10 rubldan olmaqla toylara saldığım 40 rublu çıxmaqla, qalan 200 rublu xərcləməyə yer belə tapmırdım. Qaldığım evin kirayə pulu da dövlət hesabına ödənilirdi. Yalnız kitaba və arabir də geyimə pul ayırırdım.

 

Hər gün olmasa da, günaşırı işdən qayıdan valideynlərdən kimisə meyvə-tərəvəz, kimisə yumurta və süd - qatıq, kimisə bişmiş halda toyüq-cücə gətirib, məndən xəlvət qaldığım kirayə evə verirdilər. Ən böyük “rüşvətimiz” əksər valideynlərin uşaqlarının məktəbi bitirməsi ilə bağlı bizi evlərinə dəvət edib, qonaq etməsi, sevinclərini bizimlə bölüşmələri idi. Kəndin əsas özəyi olan malakanların yas mərasimləri də ziyafətsiz ötüşmürdü. 2-3 gündən bir, ya bir “babulya”, ya da bir “dedulya” dünyasını dəyişirdi, mərasimdən isə heç cür imtina etmək olmurdu. Çünki, yerli əhali hədsiz dərəcədə bir-birinə qaynayıb-qarışmışdı.

 

Bir çox hallarda kənd camaatı elçiliyə gedərkən mənə dəvət göndərirdilər. Bilirdilər ki, əgər müəllim gəlibsə heç bir etiraz ola bilməz. 22 yaşında 15 evə elçiliyə gedib, bütün sevgililəri nikaha qovuşdurmuşam. Müəllim nüfuzu o dərəcədə yüksək idi ki, təsərrüfat rəhbəri, ferma müdiri, Kənd sovetinin sədri belə toy sahibinin evinə təşrif buyurarkən, darvazanın kandarında durub hər hansı bir müəllimin gəlişini gözləyirdilər. Məclisdə müəllimlə yanaşı oturmaq, vəzifəsindən asılı oımayaraq hər kəs üçün şərəf işi sayılırdı.

 

Bəs, bu nüfuz nədən qaynaqlanırdı...? Hər halda kortəbii fanatizm deyildi. Çünki, hər şeydən əvvəl canlı ünsiyyət vardı, qarşılıqlı və təmənnasız münasibətlər hökm sürürdü. Valideyn müəllimin, müəllim valideynin qarşısında tələb qoymurdu. Təhsil ambisiyalı maraqlardan uzaq idi. Məktəb öz yetirmələrini “bal toplamaq” yarışına qoşmurdu, valideyn övladını ali məktəbə daxil olmadığına görə gözümçıxdıya salmırdı, onların Vətənin layiqli övladları olmasını arzulayırdı. İndi biz dilemma qarşısında qalmışıq, yəni təhsilin keyfiyyətini yüksəlməliyik kı, müəllimin nüfuzu qalxsın, yoxsa müəllimin nüfuzunu qaldırmalıyıq ki, təhsilin keyfiyyəti yüksəlsin.

 

Yeni çağırışlara hazır olmalıyıq – bu zamanın reallığıdır. Ancaq, bir danılmaz həqiqət də var ki, heç bir texniki vasitə, heç bir yüksək texnologiya insanlararası canlı ünsiyyəti əvəz edə bilməz. Arzu və ümid edək ki, pandemiya ilə bağlı vəziyyət yumşaldılmaya doğru inkişaf etsin, həyat öz normal axarına düşsün,  yeni tədris ilinə məsafədən deyil, canlı ünsiyyətlə başlayaq, fəal həyat mövqeyimizı bərpa edək.

 

Nadir İsrafilov

TN İctimai Şuranın sədr müavini