Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-03 12:36:00
Cəsarət Valehov:Pandemiya zamanı yaranmış boşluqları "Yay məktəbi" bərpa edəcək

"Bu, pandemiya şəraitində uşaqların öyrənmə vərdişlərində yaranmış boşluqların qismən də olsa bərpası üçün bir imkandır".

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.


”"Yay məktəbi” Azərbaycan təhsil mühitində bir ənənə halını almalı və möhkəmlənməlidir.

Qəbul etməliyik ki, öyrənmənin fəsli və qeyri-münbit dövrü olmur.

Hər birimiz də bilirik ki, məktəb uşaqların ünsiyyət və öyrənməsi üçün ən yaxşı məkandır.

Tez-tez istinad etdiyimiz inkişaf etmiş ölkələrdə şagirdlər artıq may ayından yay tətilini necə keçirəcəkləri, hansı müəllimlə məşğul olacaqları və hansı kitab klublarına yazılacaqları barədə məlumatlı olurlar.

Etiraf etməliyik ki, valideynlər bir çox hallarda uşaqların erkən yaş dövrlərində əyləncələrinə daha çox diqqət yetirir, nəinki təliminə.

Bir çox hallarda yanaşma belədir: “Qoyun, uşaqlar uşaqlıqlarını yaşasınlar”. Məgər, kitab oxumaq, onu müzakirə etmək, müxtəlif kurslara, dərnəklərə getmək uşaqlığa aid deyilmi?”


Və sonda...

Tədqiqatlar deyir ki, uzun yay tətillərinin olması aqrar epoxasından qaynaqlanır. Belə ki, uşaqlar tarlalarda işləyən valideynlərinə əkin-biçində kömək edirdilər, postsənaye əsrində isə bu yanaşma bir qədər dəyişib. Uşaqlar indi kod yazmağı, xarici dil öyrənməyi, rəqəmsal alətlərlə işləməyi, şəkil çəkməyi daha çox istəyirlər. Və ən başlıcası uzun müddət ünsiyyət azlığından əziyyət çəkən uşaqlar yaşıdları ilə birgə bölüşməyi hamıdan çox istəyirlər. Bunun üçün də məktəblərdə 16-30 iyun tarixlərində təşkil olunacaq iki həftəlik yay məktəblərindən lazımınca yararlamağı təklif edərdim.
Necə deyərlər, mavi səma, canlı ünsiyyət, əyləncəli və öyrədici məzmun, ən başlıcası doğma məktəb sizi gözləyir, əziz şagirdlər!".

Şükufə Süleymanlı
Müəllifin digər yazıları