Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-02 16:00:00
Çin qabaqcıl texnologiyalar məktəbləri yaradır

Çin hökuməti  12 aparıcı texnologiyalar məktəbi yaratmaq niyyətindədir.

 

Bu barədə "Global Times" saytı məlumat yayıb. Yeni məktəblər  innovasiya və qabaqcıl texnologiyalar sahəsində istedadlı şagirdlərin inkişafı proqramları çərçivəsində yaradılacaq.  Buna səbəb kimi “dünyanın ən böyük iki iqtisadiyyatı arasında”  texnoloji müharibənin intensivliyinin artması göstərilir.

 

Məktəblər ölkənin əsas universitetləri - Pekin Universiteti, Tsinhua Universiteti və digər 10 ali təhsil müəssisəsinin nəzdində yaradılacaq.

 

Çin  Təhsil Nazirliyinin açıqlamasında deyilir ki, texnologiya məktəbləri ölkənin “Çində hazırlanıb” modelindən “Çində yaradılıb”  modelinə keçməsində həlledici rol oynayacaq.12 məktəb şagirdlərin şəxsi inkişafı üçün məlumat bazası yaradacaq və gənc istedadların hazırlanması proqramlarını daim təkmilləşdirəcək. Dövlət məktəblərin tikintisində və resurslarla təmin olunmasında hərtərəfli kömək göstərəcək.

 

Qeyd edək ki, 2020-ci ildə Çinin Təhsil Nazirliyi 14 universitetdə kvant elmi, beyin elmləri, sintetik biologiya, aerokosmik mühəndislik və növbəti nəsil mobil rabitə texnologiyaları üzrə qabaqcıl elmi mərkəzlərin yaradılmasını təsdiqləyib.

 

2021-ci ilin aprelində Çinin aparıcı universitetlərindən  olan Tsinhua Universiteti yarımkeçiricilər sahəsində tədqiqatlar aparmaq və texniki mütəxəssislər hazırlamaq üçün ölkədə ilk inteqral sxem məktəbini təsis edib.

 

Oruc MUSTAFAYEV/Azərbaycan müəllimi