Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-31 16:26:00
Ali təhsil müəssisələrinin nəşrlərə sərbəst giriş imkanları araşdırılıb  

Ali təhsil müəssisələrinin nəşrlərə sərbəst girişlə bağlı imkanlarını araşdırmaq məqsədilə sorğu keçirilib.

 

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, sorğuda nəşrlərə sərbəst girişlə bağlı ali təhsil müəssisələrinin siyasəti, fəaliyyəti və maliyyə məsələləri əhatə olunub. Sorğu vasitəsilə ali təhsil müəssisələrinin öz qurumlarındakı tədqiqat fəaliyyətlərini nə dərəcədə dəstəklədikləri müəyyən edilib.

 

Sorğunun nəticələrinə əsasən, Azərbaycanda aparılan tədqiqatları sərbəst giriş imkanı olan nəşrlərə çevirmək yerli tədqiqatçıların dünyadakı həmkarları ilə əlaqələndirilməsini təmin edən, tədqiqat və inkişafın milli iqtisadiyyata müsbət təsirini artıran müasir tədqiqat, ixtira və innovasiyalar sisteminin yaradılmasında çox mühüm amildir.

 

Sorğu Təhsil İnstitutunun icra etdiyi “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi” adlı layihə çərçivəsində keçirilib. Tİİ fəaliyyətlərinin vəziyyətinin monitorinqi və qiymətləndirilməsi məqsədilə 2019-cu ildə keçirilən sorğuda 20 ali təhsil müəssisəsi (13-ü Təhsil Nazirliyinə tabe, 6-sı digər nazirliklərə tabe, 1-i özəl olmaqla) iştirak edib.

 

Qeyd edək ki, Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi layihə 2018-ci ilin oktyabr ayından 2020-ci ilin may ayınadək olan dövrü əhatə edib. Layihənin həyata keçirilməsində əsas məqsəd ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların strategiyası və idarə edilməsinin gücləndirilməsi olub.