Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-24 15:38:00
Video dərslər portalının imkanları genişləndirilir  

2011-ci ildən fəaliyyət göstərən və təhsilalanlar üçün əlavə tədris materialları təqdim edən video dərslər portalının (www.video.edu.az) imkanları gündən-günə təkmilləşdirilir. Portalın məqsədi interaktiv texnologiyalar tətbiq etməklə istənilən vaxt və məkanda təhsilin əlçatanlığını təmin etməkdir.   


AzEdu.az xəbər verir ki,hazırda portalda məktəbəhazırlıq, ümumi təhsil, peşə təhsili, məktəbdənkənar fəaliyyət üzrə teledərslər, peşəkar müəllimlərin video dərs izahları, 3D animasiyalı videolar, STEAM üzrə video dərslər, “Khan Academy” dərsləri olmaqla, ümumilikdə 6367 ədəd video material mövcuddur. Cari tədris ili üzrə 2200 ədəd “Khan Academy” dərslərinin Azərbaycan dilinə tərcümə edilərək portala yerləşdirilməsi və müxtəlif mövzuları əhatə edən 261 ədəd peşəkar video dərs izahlarının hazırlanması istiqamətində işlər aparılır.

 

Teledərslər video dərslər portalında
Təhsil Nazirliyinin təşkilatçılığı ilə həftə içi televiziya kanallarında yayımlanan teledərslər gündəlik olaraq video portala yerləşdirilir və təhsilalanlar portal vasitəsi ilə bu dərsləri istənilən vaxt təkrar izləmək imkanından faydalana bilirlər. 

 

Zənginləşdirilmiş məzmun

Portalda video dərs materialları yerli və xarici peşəkar müəllimlərin iştirakı ilə milli kurikuluma uyğun hazırlanır. Təhsilalanların daha effektiv istifadəsi üçün video dərslər qiymətləndirmə materialları, qrafika, 3D animasiyalar və digər multimedia vasitələri ilə zənginləşdirilir. Nəticədə, istifadəçilər video dərs zamanı təqdim edilən vizual materiallar ilə mövzunu daha yaxşı mənimsəyir və dərsi bitirdikdən sonra təqdim edilən test tapşırıqları ilə biliklərini yoxlaya bilirlər.  

 

Fərdiləşdirilmiş öyrənmə
Portal dərs zamanı müəyyən mövzunun izahında iştirak edə bilməyən və yaxud mövzunu daha yaxşı mənimsəmək istəyən şagirdlər üçün bütün fənn və siniflər üzrə geniş məzmun bazası rolunu oynayır. Belə ki, şagirdlər öz sürətlərinə uyğun video dərsləri izləyə, məşq edə, mövzulardakı boşluqlarını doldura və öyrənmə müddətlərini özləri təyin edə bilirlər. 

 

Peşə təhsili üzrə videodərslər 
Peşə təhsili üzrə 39 ixtisas və 7 baza modulu üzrə 296 videodərs hazırlanaraq portala yerləşdirilib ki, bu da öz növbəsində  tələbələrin nəzəri və praktiki biliklərinin dərinləşdirilməsinə və dərs mövzularına dair qısa izah və təlimatların verilməsinə istiqamətlənmişdir.  Bu dərslərdən peşə təhsili müəssisələrində təhsil alan tələbələr, tədris aparan müəllimlər, həmçinin, təqdim edilən ixtisaslar üzrə bacarıq və vərdişlərini artırmaq istəyən istənilən şəxs faydalana bilər. 

 

Dərsdənkənar inkişafetdirici videodərslər
Portalda dərs mövzuları ilə yanaşı, təhsilalanların maraq dairələrinə uyğun rəqs, rəsm, yaradıcılıq, robot texnologiyaları kimi müxtəlif sahələr üzrə video materiallar təqdim edilir. Eyni zamanda, portalda ayrıca bölmə olaraq, STEAM üzrə videodərslər yerləşdirilib. STEAM dərsləri uşaqlarda elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat üzrə tənqidi düşünmə, araşdırma və kommunikasiya bacarıqlarını inkişaf etdirir.

 

İstifadə rahatlığı
Portaldan kompüter, noutbuk, planşet və ya mobil telefon vasitəsi ilə istənilən cihazdan istifadə etmək mümkündür. İstifadəçilər portalda izləmək istədikləri video dərs mövzularını sürətli axtarış sistemi vasitəsi ilə rahatlıqla tapa bilərlər.