Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-21 16:10:00
“WorldSkills Azerbaijan” platformasının nümayəndə heyəti bacarıq yarışlarının təşkili üzrə vebinarda iştirak edib

Azərbaycanda bacarıq yarışlarının təşkilinə dəstək üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi və Koreyanın Biliklərin Transferi üzrə Qlobal İnstitutu (GIFTS) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində “Dayanıqlı bacarıq yarışları sistemi üzrə bilik mübadiləsi” adlı növbəti vebinar keçirilib. Vebinarların keçirilməsində məqsəd yerli mütəxəssis potensialının inkişaf etdirilməsi, ölkə səviyyəsində yarışların keçirilməsi, eləcə də Azərbaycandan olan mütəxəssis və müsabiqə heyətinin Koreya milli yarışlarında iştirakının təşkil edilməsi ilə bağlı bilik və təcrübə mübadiləsinin aparılmasıdır.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, “WorldSkills Azerbaijan” platformasının nümayəndə heyəti də daxil olmaqla səkkiz ölkənin təmsilçilərinin iştirak etdiyi vebinarda bacarıq yarışlarının keçirilməsi üçün təşkilati strategiyaların formalaşdırılması, büdcə təminatı və maraqlı tərəflərin təhlili mövzuları ətrafında təcrübə mübadiləsi aparılıb. Vebinarda “GIFTS” təşkilatının Bacarıq yarışları departamentinin direktor müavini Man-hee Bang “Koreyanın bacarıq yarışları sistemi” mövzusunda çıxış edib. O, Koreyanın ən yaxşı təcrübələrini tədbir iştirakçıları ilə paylaşıb.

Qeyd edək ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli bir platformadır. “WorldSkills” hərəkatına qoşulmaq Azərbaycanda bacarıqlı gənclərdən dünya standartlarına və əmək bazarının tələbinə uyğun peşəkarlar yetişdirməyə, eləcə də həmin standartların təhsil sisteminə tətbiqinə xidmət edir. Bununla yanaşı, təşkilat bacarıqlı gənclərə dünyanın ən nüfuzlu peşə yarışlarında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.