Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-21 12:55:00
Firudin Qurbanov: Təhsil sistemi zorakılığın qarşısının alınması üçün böyük potensiala malikdir

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “Məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində sosial işin tətbiqi” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib.

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova konfransın məqsədi barədə iştirakçılara məlumat verib.
Konfransda iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, təhsil sistemi zorakılığın qarşısının alınması və profilaktikası üçün böyük potensiala malikdir. Bu sistemin peşəkar və təşkilati mənbəyi, sosial təsir sahəsi, təhsil mühiti təhsil prosesinin bütün iştirakçılarının sistemli təsir göstərməsinə imkan verir.

“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası istiqamətində Təhsil Nazirliyinin təşkilatı dəstəyilə mütəmadi olaraq təhsil müəssisələrində tədbirlər həyata keçirildiyini qeyd edən nazir müavini “Məktəblinin dostu” pilot layihəsinin də bu sahədə əhəmiyyətinə toxunub. Firudin Qurbanov bildirib ki, layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühitin yaradılması, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardımın göstərilməsi, şagirdlərin asudə vaxtının səmərəli təşkili, nəhayət, şagirdlər, valideynlər və müəllimlərlə maarifləndirmə işinin həyata keçirilməsidir.
Firudin Qurbanovun sözlərinə görə, ümumi təhsil müəssisələrində təhsilalanlarla iş sisteminin təkmilləşdirilməsi, əlverişli təlim və inkişaf mühitinin formalaşması, sağlam mənəvi-psixoloji mühitin yaradılması, sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraitinin təşkili, məktəb-ailə, məktəb-müəllim-şagird-valideyn münasibətlərinin formalaşdırılması, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunması barədə mövcud vəziyyət təhlil edilib və bu sahədə aparılan işlərin təkmilləşdirilməsi sahəsində sistemli iş aparılıb. Bununla yanaşı, müəllimlər, məktəb psixoloqları, valideynlər cəlb edilməklə risk qrupuna daxil olan təhsilalanlar müəyyən edilib və müvafiq preventiv tədbirlər həyata keçirilib. Təhsil müəssisələrində baş verən xüsusi hallar barədə məlumatların operativ və şəffaf şəkildə çatdırılmasını təmin etmək üçün ötən ildən 146-2 “Qaynar xətt“ xidməti istifadəyə verilib, məlumatların operativ olaraq nazirliyə çatdırılması, nəzarətə götürülməsi təmin edilib. Təhsil müəssisələrində baş verən hər hansı bir hal, o cümlədən zorakılıq halları ilə bağlı məlumatlar mütəmadi olaraq “Qaynar xətt” xidmətinə ötürülür, operativ araşdırma aparılır və müvafiq tədbirlər görülür.

Nazir müavini çıxışının sonunda əlavə edib ki, məişət zorakılığının qarşısının alınması istiqamətində Təhsil Nazirliyi tərəfindən atılan addımlar həm maarifləndirici tədbirlərin keçirilməsini, həm tədris proqramlarına müvafiq mövzuların daxil edilməsini, həm də yeniyetmə və gənclərə müvafiq praktiki bacarıqların aşılanmasını əhatə edir. Təhsil Nazirliyi təkcə məişət zorakılığının özü ilə deyil, onu yaradan səbəblərlə mübarizəyə böyük önəm verir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Beynəlxalq Sosial İşçilər Federasiyasının Avropa üzrə prezidenti Ana Radulesku, Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyasının prezidenti Annamariya Kampanini çıxış edərək konfransın əhəmiyyətindən söz açıblar.
Konfrans işini müxtəlif sessiyalarla davam etdirib.